"Keşlə" - "Qəbələ": 43-cü duel

Topaz Premyer Liqasının XX turunda görüşəcək "Keşlə" və "Qəbələ" komandaları 43-cü dəfə üz-üzə gələcəklər.

SportLine.az "qırmızı-qaralar"ın saytına istinadən xəbər verir ki, ilk qarşılaşma 11 il əvvələ - 2006/2007 mövsümünə təsadüf edir. Bu rəqiblər indiyədək 42 dəfə qarşılaşıblar. "Qəbələ” 14 qələbə qazanıb, 13 heç-heçə edib və 15 matçdan məğlub ayrılıb. 100 qolun vurulduğu görüşlərdə paytaxt klubu üstünlüyə malikdir – 55:45.

Əvvəlki 42 matçdan 38-i çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 11 qələbəsi olan "qırmızı-qaralar” 13 heç-heçə edib və 14 dəfə uduzub. 38 dəfə rəqib qapısına yol tapan əyalət komandası 49 qol buraxıb.

22-ci dəfə "Keşlə”nin qonağı olacaq "Qəbələ” səfərdəki 21 matçdan 6-da qalib gəlib. Səfərdə 5 bərabərliyi olan "qırmızı-qaralar” 10 dəfə məğlubiyyətə üzülüblər. Rəqib meydanında 20 qolun sevincini yaşayan komanda 35 top buraxıb. 

"Keşlə” ilə görüşlərdə "Qəbələ”nin ən məhsuldar oyunçusu Daniel Subotiçdir. O, 5 dəfə fərqlənib. Son iki qarşılaşmanı qolsuz tərk etməyən Filip Ozobiçin hesabında isə 4 top var.

"Qəbələ” artıq 11 matçdır "Keşlə”yə uduzmur. Son 6 qarşılaşmada qalib gələn komanda bu matçlarda ən azı 2 qol vurub.

Qeyd edək ki, "Keşlə” - "Qəbələ” qarşılaşması martın 13-də Bakıdakı "İnter Arena”da keçiriləcək.