"Keşlə"nin taleyinə aydınlıq gətirildi

Bu gün AFFA-nın inzibati binasında Lisenziya Komissiyasının iclası keçirilib. 

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda 2019-2020-ci il mövsümündə UEFA-nın klub  və Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2018) 8-ci maddəsinə əsasən aparılmış müzakirələrdən sonra UEFA-nın klub yarışlarında iştirak etmək üçün "Qarabağ", "Qəbələ", "Neftçi",  “Sumqayıt”,  “Zirə” və  “Səbail"ə  avrokuboklarda iştirak üçün lisenziya verilib. "Sabah" və çempionatın sonuncusu olan "Keşlə" bu hüquqdan məhrum edilib. Əvəzində “Keşlə” və “Sabah”a gələn mövsüm Premyer Liqada iştirak etmək üçün lisenziya verilib.

Birinci divizion təmsilçilərindən “Kəpəz”, “Ağsu”, MOİK, “Turan Tovuz”, “Qaradağ-Lökbatan”, "Şüvəlan" və “Zaqatala”ya isə Premyer Liqada iştirak üçün lisenziya verilməyib.

Göründüyü kimi, birinci divizionun çempionu MOİK növbəti mövsüm üçün Premyer Liqaya buraxılmır.  Reqlamentə görə Premyer Liqanı tərk etməli olan “Keşlə” isə qarşıdakı mövsümdə də elitada mübarizə aparacaq.

Lisenziya iddiaçısı lisenziya verilməsindən imtina  haqqında bildiriş məktubu aldığı tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
 
UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə üzrə “Fair Play” qaydalarında əks olunmuş tələbə əsasən, UEFA-nın klub yarışlarında iştirak edən klublar müvafiq lisenziya əldə etməlidir. UEFA lisenziyasının alınması üçün klublar qaydalarda göstərilmiş bütün mütləq meyarlara cavab verməlidir. Qaydalardan biri “3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidir.  Məlum olduğu kimi, “Səbail” PFK Topaz Premyer Liqasında iştirak edir və AFFA “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə üzrə “Fair Play” qaydalarının tələblərinə uyğun olaraq, “Səbail” PFK ilə bağlı müstəsna prosedurun tətbiq olunması ilə bağlı UEFA-ya müraciət edib. UEFA müraciətin baxılması üçün  prosesə başlayaraq həm AFFA, həm də “Səbail” PFK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. UEFA təqdim olunmuş sənədləri araşdırdıqdan sonra müsbət qiymətləndirildiyini bildirib və yaxın günlərdə bununla bağlı  rəsmi cavabı AFFA-ya ünvanlayacaq.

UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2018) 13-cü maddəsinə müvafiq olaraq, 2019-2020-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.