"Kifayət qədər gözəl oyun göstərdik" - Roberto Bordin

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqanın 3-cü turunda səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransı keçirib. SportLine.az Qol.az saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib.

- Burada gülən üzləri görmək mənə xoşdur. Çox güclü komanda olduğumuzu sübut etdik. Xeyli qol imkanı yaratdıq. Ağır oyun olsa da, öz oyunçularımdan kifayət qədər razıyam.

- "Neftçi" qələbə də qazana bilərdi. Lakin ikinci hissədə qorxaq futbol oynadınız. Düşünmürsünüz ki, bu, sizə görədir?

- Biz 7-8 qol epizodu yaratdıq. Bunu qorxaq, müdafiə futbolu adlandırırsınız? Müdafiə futbolu oynayan komanda qol vəziyyətləri yarada bilməz. İkinci qolu da vura bilərdik.

- Əcnəbi baş məşqçilər yerli futbolun da inkişafı üçün dəvət olunur. Amma Rəhman Hacıyevlə Mirabdulla Abbasov əcnəbi futbolçuların kölgəsində yatır. Onların əsas heyətdə oynamamaları nə ilə əlaqədardır?

- Biz heyəti məşqlərə əsasən müəyyənləşdiririk. Yerli və ya əcnəbi fərqi qoymuruq. Mən yenə eyni qaydada məşqlərimi keçirəm.

- Baqali Dabo ötən mövsüm bombardir olsa da, cinah hücumçusu kimi oynayır, amma Kvame Karikari mərkəzdə yer alır. Dabonun hücumun mərkəzində çıxış etməməsi nə ilə əlaqədardır?

- Dabo xarakteristikasına əsasən, cinah oyunçusudur. O, həm orada, həm də mərkəzdə çalışdı. Karikarinin də qol vəziyyətləri oldu. Lakin təəssüf ki, fərqlənə bilmədi. 
 
- "Qəbələ" ilə oyunda da rəqibinizin xeyli qol vəziyyəti olmuşdu, bu dəfə də. "Neftçi"nin bəxtinin gətirdiyini düşünmürsünüz? Müdafiə xəttinizdəki anarxiyaya nə zaman son qoyulacaq?

- Anarxiyadan söhbət gedə bilməz. Belə olsaydı, bu qədər hücum futbolu göstərə bilməzdik. 
 
- Kifayət qədər gülən sima gördüyünüzü dediniz. Lakin simanız kifayət qədər ciddidir. Məgər sizi bu nəticə qane etməyib?

- Gülümsəməyiniz çox xoşuma gəldi. Kifayət qədər gözəl oyun göstərdik. Lazım olanda müdafiə, lazım olanda hücum futbolu sərgilədik. Oyunumuzdan razı qaldım. 
 
- Bəs nəticədən?

- Bir tərəfdən xoşbəxtəm ki, səfər oyununda heç-heçə etdik. Digər tərəfdən, qol vəziyyətlərimizi dəyərləndirə bilmədiyimizə görə üzgünəm.