Klopp "Bavariya"ya keçir?
Almaniyalı mütəxəssis Yurgen Kloppun karyerasını vətənində davam etdirəcəyi ilə bağlı məlumatlar yayılıb. SportLine xəbər verir ki, onun "Bavariya"ya keçəcəyi gözlənilir.
Bu məsələyə münasibət bildirən Y.Kloppun meneceri Mark Kositske "Sport 1"ə açıqlamasında, "Y.Kloppun xidmətində bir neçə klub maraqlıdır. "Bavariya" da bunlardan biridir. Münhen təmsilçisinin yayda Yupp Heynkeslə yolları ayırmaq istədiyi deyilir. Onlar bir neçə mütəxəssislə, eləcə də, bizimlə danışıqlar aparıblar. "Bavariya" bir neçə ildir, Y.Kloppu komandanın başına gətirmək istəyir. Mütəxəssis "Borussiya"da çalışarkən bu haqda müzakirələrimiz olmuşdu. Amma sonda razılıq əldə edə bilməmişdik. İndi isə deyə bilərəm ki, Y.Klopp 2022-ci ilədək "Liverpul"da işləməlidir. Baş məşqçinin "mersisaydlılar"la görəcəyi çox iş var. Komandanı yarı yolda qoyub getmək olmaz. Y.Klopp da ancaq bu barədə düşünür", - deyib.
Qeyd edək ki, Almaniya mətbuatının yaydığı xəbərə görə, Y.Heynkes cari mövsümün sonunda komandadan kənarlaşdırılacaq. Onu kimin əvəz edəcəyi dəqiq bilinməsə də, "Bavariya" rəhbərliyinin Y.Klopp variantında israrlı olduğu söylənilir.