Klublarımız Avropa sınaqları ərəfəsində
|
Azərbaycanda futbol mövsümünün yekunlarına əsasən, ölkəmizi Çempionlar Liqasında “Qarabağ”, Avropa Liqasında isə, kubokun qalibi kimi “Keşlə”, vitse-çempion “Qəbələ” və bürünc mükafatçı “Neftçi” təmsil edəcək. Bütün klublarımız mübarizəyə birinci mərhələdən başlayacaq. Çempionlar Liqası Azərbaycan çempionu “Qarabağ”ın rəqibi iyunun 19-da, UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında atılacaq püşkatmadan (birinci və ikinci mərhələ üçün) sonra bilinəcək. Çempionlar Liqasının formatında dəyişiklikdən sonra Azərbaycan çempionu “Qarabağ” əvvəlki illərdə olduğu kimi mübarizəyə ikinci deyil, birinci mərhələdən başlayacaq. Bu o deməkdir ki, Qurban Qurbanovun komandası qrupa düşmək üç deyil, dörd mərhələ adlamalıdır. Çempionlar Liqasında birinci mərhələnin ilk oyunları 10/11 iyul, cavab matçları 17/18 iyulda keçiriləcək. Qrup matçları isə 18/19 sentyabrda start götürür. Avropa Liqası Avropa Liqasındakı təmsilçilərimizin adına isə iyunun 20-dəki püşkatma mərasimində (birinci və ikinci mərhələ üçün) aydınlıq gələcək. Bu yarışda birinci mərhələsinin oyunları iyulun 12-si, cavab görüşləri iyulun 19-u keçiriləcək. Avroliqada qrup oyunları isə sentyabrın 20-də başlanacaq. |