"Komanda əzmkar futbol sərgilədi" - Tərlan Əhmədov

"Maraqlı oyun oldu. Hər iki komandanın ifasında qarşılıqlı hücumlar gördük".

SportLine.az "Report"a istinadən xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov "Sabah" üzərində 3:0 hesablı qələbə qazandıqları Azərbaycan Premyer Liqasının XX turunun açılış matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis xüsusən müdafiədə səhvsiz oynamalarından məmnunluqlarını vurğulayıb:

"Bu gün daha istəkli idik, komanda səhv etmədən qalib gəldi. Hücum futbolu oynayaraq, müdafiədə səhv etmədik. Bu da məni sevindirdi".

Əhmədov heyətdəki itkilərdən də danışıb:

"Conatan Ayitenin öz oyununu tapmasına sevindim. Amil Yunanov cəzalı, Klennon zədəlidir. Həmçinin Sərtan Taşqın ola bilsin ki, gələn oyuna yetişməsin. Buna baxmayaraq, komanda əzmkar futbol sərgilədi".

Baş məşqçi rəqibi düzgün təhlil etmələrinin qələbədə öz sözünü dediyini söyləyib:

"Hər bir komanda rəqibi təhlil edir. Mən öz komandamın oyununa daha çox üstünlük verirəm. Futbolçulara deyirəm ki, uduzsanız belə, oyununuzdan zövq alın. Bu gün istədiyim futbolun 60-70 faizini meydanda gördüm".