Komandamızın UEFA Regionlar Kubokundakı potensial rəqibləri

UEFA Regionlar Kubokunun 2020/2021-ci illər mövsümü üçün püşkatmasının tarixi açıqlanıb.

Sportline.az xəbər verir ki, dekabrın 3-də Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbirdə AFFA-nın təşkil etdiyi Region Liqasının 2019/2020 mövsümünün qalibinin də rəqibləri bəlli olacaq.

Yarışda UEFA-ya üzv olan 55 milli assosiasiyadan 36-nın təmsilçisi iştirak edəcək. Püşkatma zamanı ölkələrin adları qeyd olunacaq və hər bir yerli federasiya yarışa göndərəcəyi kollektivi daxili turnirlə müəyyənləşdirəcək. Malta və San Marino Regionlar Kubokunda həvəskar milli komanda ilə təmsil olunacaqlar.

UEFA Regionlar Kubokunda ən aşağı əmsala malik 8 ölkə - Malta, Şimali Makedoniya, İsveç, Belarus, Azərbaycan, Qazaxıstan, Estoniya və Gürcüstan ilkin mərhələdə mübarizə aparacaqlar. Bu komandalar ev sahiblərinin püşkatmadan sonra müəyyənləşəcəyi 2 qrupa bölünəcəklər.

2 avqust 2020-ci ilədək yekunlaşacaq ilkin mərhələdə ilk 2 yeri tutan komandalar növbəti raundda digər 28 kollektivə qoşulacaqlar. Meydan sahibi Polşa da daxi olmaqla, 8 ən yüksək reytinqə malik komanda “A” səbətində yer alacaq. Növbəti 8 kollektiv “B”, 17-dən 24-dək olanalar “C”, Finlandiya, San-Marino, Sloveniya və Moldova isə “D” səbətində olacaq. İlkin mərhələdə A qrupunun qalibi “A”, ikincisi “B”, B qrupunun qalibi “C”, ikincisi isə “D” səbətinə düşəcək.

Püşkatma nəticəsində 32 komanda bərabər şəkildə 8 qrupa bölünəcək. Finlandiya, San Marino, Sloveniya və Moldova təmsilçiləri 5 - 8-ci qruplarda 4-cü yeri dolduracaqlar. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Rusiya və Ukrayna komandaları eyni qrupa düşə bilməzlər.

Püşkdən sonra 13 dekabr 2020-ci ilə qədər keçiriləcək qrup oyunları üçün ev sahibləri təyin ediləcək. Qrup qalibləri 2021-ci il iyunun son iki həftəsində baş tutacaq final mərhələsinə vəsiqə qazanacaqlar.

İlkin mərhələ

Malta, Şimali Makedoniya, İsveç, Belarus, Azərbaycan, Qazaxıstan, Estoniya, Gürcüstan

Seçmə mərhələ

A səbəti: Türkiyə, Xorvatiya, İrlandiya, Polşa, Almaniya, Çexiya, İspaniya, Rusiya

B səbəti: Fransa, Portuqaliya, Ukrayna, Macarıstan, İtaliya, Slovakiya, Bolqarıstan, Şimali İrlandiya

C səbəti: Bosniya və Herseqovina, İsveçrə, Serbiya, İngiltərə, Litva, İsrail, Rumıniya, Uels

D səbəti: Finlandiya, San-Marino, Sloveniya, Moldova

Qeyd edək ki, 1966-cı ildə təsis olunan və 1999-cu ildən Regionlar Kuboku adı altında keçirilən yarışda son olaraq Azərbaycanı “Uğur” təmsil edib. Sumqayıt komandası qrupu xalsız başa vurub.