Kramariç: "Azərbayacanla oyuna yüksək səviyyədə köklənməliyik"

“Ağır oyun gözləyirəm, rəqib bizə qarşı aqressiv olacaq. Matça ən yüksək səviyyədə köklənməliyik”.

Sportline.az  xəbər verir ki, bunu Xorvatiya yığmasının futbolçusu Andrey Kramariç AVRO-2020-nin seçmə mərhələsinin I turunda evdə Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun barəsində danışarkən deyib.

28 yaşlı hücumçunun sözlərinə görə, Xorvatiya komandasının oyunçuları işə Balkan mentalitetinə uyğun yanaşsalar, problemlə üzləşə bilərlər: “Bizim üçün asan olacaq, Rusiyada ikinci yeri tutmuşuq – formasında düşünmək səhv olardı. Həm Azərbaycanla ev matçına, həm də Macarıstanla səfər görüşünə ciddi yanaşmalıyıq”.

Almaniyanın “Hoffenhaym” klubunun formasını geyinən forvardın fikrincə, Xorvatiya millisi 2018-ci il dünya çempionatında 2-ci yeri tutduğu üçün rəqiblər onlara qarşı müdafiədən oynayacaqlar: “Qrupumuzdakı bütün rəqiblər bizə qarşı yaxşı köklənəcəklər. İndi rəqiblər daha çox müdafiəyə diqqət ayıracaqlar ki, biz buna adət etməmişik. Nəticə qazanmaq üçün motivasiyalı və məqsədyönlü hərəkət etməliyik. İrəlidə yeni çağırış var, maraqlı olacaq”.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.