Kuareşmanı gözləyən cəza
Türkiyə kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən "Beşiktaş" - "Fənərbağça" oyununda qırmızı vərəqə ilə cəzalandırılan Rikardo Kuareşmanı ağır cəza gözləyir. SportLine.az xəbər verir ki, bu barədə "Akşam" qəzeti məlumat yayıb.
İkinci hissədə meydana daxil olan və cəmi 7 dəqiqə sonra meydandan qovulan portuqaliyalı futbolçunun hərəkətləri Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi tərəfindən araşdırılacaq. Ona, ən azı, üç oyunluq cəza veriləcəyi gözlənilir.
Qeyd edək ki, 2:2 hesabı ilə yekunlaşan görüşdə R.Kuareşmə Jozef de Souzanı dirsəyi ilə vurduğuna görə qırmızı vərəqə görüb. Ardınca Mehmet Ekiciyə də sərt reaksiya göstərən futbolçunun cəzası yaxın günlərdə açıqlanacaq.