Küləklər şəhəri “dumana qərq olacaq”

Çoxdan gözlədiyimiz tarixi an nəhayət, gəlib çatdı. Söhbət paytaxtımızda keçiriləcək UEFA Avropa Liqasının final matçından gedir. Köhnə qitənin ikinci dərəcəli klub turnirinin püşkü atılanda, həm “Çelsi”, həm də “Arsenal” favoritlər arasında göstərilsə də, heç kimin ağlına gələ bilməzdi ki, bu iki ingilis nəhəngi Bakıdakı finalda qarşı-qarşıya gələcək. Dünyada 1 milyarddan çox insan izləyəcəyi gözlənilən finalda Dumanlı Albion təmsilçiləri münasibətlərə aydınlıq gətirəcəklər. Bir sözlə küləklər şəhəri “dumana qərq olacaq”. Əvvəla qeyd edək ki, Bakı Olimpiya stadionunda baş tutacaq final matçı yerli vaxtla saat 23:00-da başlayacaq. Görüş Canluka Rokkinin rəhbərlik etdiyi italiyalı hakimlər briqadası tərəfindən idarə olunacaq.

London derbisi

Həm “Arsenal”, həm də “Çelsi” eyni şəhəri təmsil etdiyinə görə bu iki klub arasında baş tutan matçlar derbi hesab edilir. “Arsenal” şimali Londonu (şəhərin Holloway səmtini), ingilis futbolunun zadəganları hesab olunan “Çelsi” isə Qərbi Londonu (şəhərin Chelsea rayonunu) təmsil edir. Bir çox səbədən “Çelsi”-“Arsenal” matçları həmişə öz prisnsipiallığı ilə yadda qalıb.

İlk və son oyunlar

İlk oyun XX əsrin əvvəlinə təsadüf edir. Yerli London Liqasında mübarizə aparan “Çelsi” və “Arsenal” klubları  tarixdə ilk dəfə 1907-ci il noyabrın 9-da üz-üzə gəlib. Həmin görüşdə ev sahibi olan “Çelsi” “Arsenal”a 2-1 hesabı ilə qalib gəlib. İki klub arasındakı sonuncu matç isə bu mövsümə təsadüf edir. 2019-cu il yanvarın 19-da İngiltərə Premyer Liqası çərçivəsində baş tutan matçda ev sahibi “Arsenal” əzəli və əbədi rəqibi “Çelsi”ni 2-0 hesabı ilə məğlub edib.

Son 10 oyun

Son 10 oyuna nəzər salsaq, komandaların “bərabərlik sindromu”na tutulduğunu görə bilərik. Belə ki, sözügedən 10 matçın 5-i heç-heçə yekunlaşıb. Qalan 5 matçın 3-də “Arsenal”, 2-də isə “Çelsi” sevinən tərəf olub:

1. “Arsenal” 2-1 “Çelsi”

2. “Arsenal” 0-3 “Çelsi”

3. “Arsenal” 1-1 “Çelsi”

4. “Çelsi” 0-0 “Arsenal”

5. “Arsenal” 2-2 “Çelsi”

6. “Çelsi” 0-0 “Arsenal”

7. “Arsenal” 2-1 “Çelsi”

8. “Arsenal” 1-1 “Çelsi”

9. “Çelsi” 3-2 “Arsenal”

10. “Arsenal” 2-0 “Çelsi”

Statistika “Arsenal” deyir

Bütün turnirləri nəzərə alsaq, görərik ki, “Arsenal”ın “Çelsi”yə qarşı oyunlarda cüzi üstünlüyü var. Bu günə kimi iki klub arasında 197 rəsmi görüş baş tutub. Bunun 76-da topçular, 63-də isə zadəganlar qələbəni bayram edib. 58 matç isə sülhlə yekunlaşıb. Bu görüşlərdə “Arsenal” 275, “Çelsi” isə 256 dəfə rəqibini məyus edib. Topların nisbəti 19 xallıq göstərici ilə topçuların xeyrinədir.

Ən böyük hesablı qələbə

Bütün dünyada əzəli rəqiblərin azarkeşləri bir-birilərini qıcıqlandırmaq üçün ən böyük hesablı qələbələrini həmişə “əllərində bayraq etmək”dədir. İngilis futbolunda bu tendensiya o qədər də geniş yayılmasa da, bir faktı qeyd edək ki, “Çelsi” fanatlarının bu sarıdan bəxti gətirib. Uzun sözün qısası, zadəganlar 2014-cü il martın 22-də rəqibin qapısından 6 cavabsız top keçirib ki, bu da “Çelsi”-“Arsenal” matçlarında ən böyük hesablı qələbə sayılır. Tarix ərzində “Çelsi”-“Arsenal” duelində ən çox qol vuran futbolçu isə bir vaxtlar zadəganların şərəfini qorumuş Didye Droqbadır. Hazırda kot-d’ivuarlı hücumçu 13 topla əlçatmazdır.

“Çelsi” avrokuboklarda

İngilis futbolunun zadəganı tarixi ərzində köhnə qitənin bir nömrəli klub turniri Çempionlar Liqasında 2 dəfə final (2007/2008; 2011/2012) oynayıb və bunların birində kuboku öz muzeyinə apara bilib. 2012/2013-cü illər mövsümündə isə UEFA Avropa Liqasının finalına çıxan “Çelsi” Portuqaliya təmsilçisi “Benfika”nı məğlub edərək kubokun sahibi olmuşdur. Bundan əlavə “Çelsi” 2 dəfə Kuboklar kubokunun (1970/1971; 1997/1998), 1 dəfə də UEFA Super Kubokunun (1998/1999) qalibi olmuşdur.

“Arsenal” avrokuboklarda

Əzəli rəqibi “Çelsi”dən fərqli olaraq “Arsenal” avrokuboklarda o qədər də çoxsaylı titullara yiyələnə bilməyib. 2005/2006-cı illər mövsümündə UEFA Çempionlar Liqasının finalına yüksələn topçular İspaniya təmsilçisi “Barselona”ya 2-1 hesabı ilə məğlub olmuşdular. “Arsenal”ın UEFA Avropa Liqasında da bəxti gətirmir. 1999-2000-ci illər mövsümündə o vaxtkı adı ilə UEFA kubokunun finalında Türkiyə təmsilçisi “Qalatasaray”la qarşılaşan “Arsenal” penalti zərbələrində rəqibinə məğlub olmuşdu. Topçuların avrokuboklardakı yeganə titulu hazıda mövcud olmayan Kuboklar kubokudur. Klub 1993/1994-cü illər mövsümündə sözügedən kubokun sahibi olub.

“Çelsi”nin biləyi bükülmür

Bakıdakı finala vəsiqə qazanan Mauritsio Sarri yetirmələri bu mövsüm UEFA Avropa Liqasında məğubiyyətin nə olduğunu unudub. Turnirin həlledici görüşünə kimi 14 matça çıxan zadəganlar bunun 11-də qələbə qazanıb və 3 oyun heç-heçə yekunlaşıb. Yunanıstanın “PAOK”, Macarıstanın “Videoton” və Belarusun “BATE” klublarının qərarlaşdığı L qrupunu lider kimi başa vuran “Çelsi” növbə ilə 1/16 finalda İsveçin “Malmö”, 1/8 finalda Ukyaynanın “Dinamo Kiyev”, 1/4 finalda Çexiyanın “Slaviya”, 1/2 finalda Almaniyanın “Ayntraxt” kimi klublarını sıradan çıxarıb. Bu mövsüm zadəganların heyətində ən məhsuldar oyunçu 10 qolla yadda qalan Oliver Jirudur. 

“Arsenal”ın geridönüşləri

 “Çelsi”dən fərqli olaraq “Arsenal” bu mövsüm UEFA Avropa Liqasında o qədər stabil çıxış etməyib. Belə ki, klub “BATE” və “Renn” ilə səfər matçlarında məğlub olub. Amma topçular evdə oynadıqları cavab matçlarında geridönüşlər edərək mərhələni adlayan tərəf olublar. Portuqaliyanın “Sportinq”, Ukraynanın “Vorskla” və təmsilçimiz “Qarabağ”ın yer aldığı E qrupunu lider kimi tamamlayan Unay Emerinin yetirmələri növbə ilə 1/16 finalda Belarusun “BATE”, 1/8 finalda Fransanın “Renn”, 1/4 finalda İtaliyanın “Napoli”, 1/2 finalda İspaniyanın “Valensiya” klublarını məğlub edib. “Arsenal”ın heyətində ən məhsulada futbolçu rəqib qapıçıları 8 dəfə məyus edən Pyer-Emerik Obameyanqdır.

Petr Çex və Olivye Jiru

Bu iki futbolçu müxtəlif vaxtlarda həm “Çelsi”nin, həm də “Arsenal”ın heyətində çıxış edib. Hazırda “Arsenal”da çıxış edən çexiyalı veteran qapıçı Petr Çex 2004-cü ildən 2015-ci ilin yayınadək “Çelsi”nin qapısını qoruyub. 2015-ci ildə “Arsenal”a transfer olunan təcrübəli qapıçının Unay Emeri tərəfindən final oyununda oynadılacağı gözlənilir. Hazırda zadəganların ən məhsuldar futbolçularından biri olan Oliver Jiru Çexdən fərqli olaraq “Arsenal”ı “Çelsi”yə dəyişib. 2012-ci ildən 2018-ci ilədək “Arsenal”ın şərəfini qoruyan fransız ulduz “Çelsi”yə transfer olduqdan sonra əsas heyətin üzvünə çevrilib. Sarrinin Bakıdakı finalda Jiruya əsas heyətdə şans verəcəyi gözlənilir.

Sarri “sinifdə qalıb

 “Arsenal”ın baş məşqçisi Unay Emeri həmkarı Mauritsio Sarridən yaşca kiçik olsa da, avrokuboklarda ondan daha uğurlu nəticələr əldə edib. İspan məşqçi “Seviliya”ya rəhbərlik etdiyi dövrdə 2013/2014, 2014/2015, 2015/2016-cı illər mövsümlərində ardıcıl olaraq 3 dəfə UEFA Avropa Liqasının qalibi olub. İspaniyalı həmkarından fərqli olaraq Mauritsio Sarrinin çalışdığı müxtəlif klublarda heç bir avrokubok uğuru yoxdur. Bu cəhətdən italyan məşqçinin “sinifdə qaldığını” deyə bilərik.

“Arsenal”ın Çempionlar Liqası şansı

Cari mövsüm 72 xal toplayan “Çelsi” “Mançester Siti” və “Liverpul”un ardından Premyer Liqanı 3-cü pillədə bitirib. Bu da zadəganlara gələcək mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququ verir. “Arsenal” isə 70 xal toplayaraq Premyer Liqanı “Tottenhem”in ardından 5-ci pillədə bitirib. Topçular bu nəticə ilə ən yaxşı halda gələcək mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edə bilərlər. Əgər Unay Emerinin yetirmələri bu mövsüm Avropa Liqasının qalibi olarsa, 5-ci pillədə qərarlaşmasından asılı olmayaraq gələcək mövsüm Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni avtomatik təmin edəcək. Məhz final matçını prinsipial edən amillərdən biri də budur.

İngilis futbolu və Azərbaycan

Futbolun yaradıcılarının tarixdə ilk və tək dünya çempionluqlarına (1966-cı il mundialı) azərbaycanlı hakim Tofiq Bəhramovun “sayəsində” qazandığını nəzərə alsaq, Azərbaycan ingilis futbolsevərləri üçün heç də yad ölkə deyil. Bundan əlavə İngiltərə və Azərbaycan milli komandaları rəsmi oyunlarda 2 dəfə üz-üzə gəlib. Hər iki görüş Dumanlı Albion təmsilçisinin xeyrinə yekunlaşıb. Klub səviyyəsində “Qarabağ”ın avrokuboklarda “Çelsi”, “Arsenal” və “Tottenhem” ilə matçlarını qeyd etmək olar. Ən maraqlı məqamlardan biri də həm “Çelsi”nin, həm də “Arsenal”ın Bakı Olimpiya Stadionda oyun keçirməsidir. Ötən mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsilçimiz “Qarabağ”ın qonağı olan Çelsi rəqibi 0-4 hesabı ilə məğlub etmişdi. Cari Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın qonağı olan “Arsenal” isə rəqibini 0-3 hesabı ilə məğlub etmişdi.

Həmidağa Məcidov