Lamiyə Vəliyeva: "Babama söz vermişdim"
"Fəxr edirəm ki, Azərbaycanı layiqincə təmsil etdim. Nailiyyətimi bütün Azərbaycan xalqına və söz verdiyim kimi, babama həsr edirəm. Babama qələbə sözü vermişdim".
Sportline.az xəbər verir ki, bunu Tokio 2020 Yay Paralimpiya Oyunlarında bir qızıl və bir gümüş medal qazanan Azərbaycan atleti Lamiyə Vəliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.
19 yaşlı idmançı 2024-cü ildə Parisdə keçiriləcək Paralimpiya Oyunlarında daha yüksək nəticə qazanmaq istəyində olduğunu bildirib: “ Bu il həqiqətən çox əziyyət çəkdim. Allah məni çempionluğa layiq gördü.
Bu, mənim son sözüm deyil. Parisdəki yarışa daha güclü hazırlaşacağam. Dünya rekordunu qırmaq istəyirəm".
Qeyd edək ki, Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda gümüş, 400 metr məsafəyə qaçışda isə Paralimpiya rekordu qıraraq qızıl medal qazanıb.