"Liverpul"un uzun müddət danışılacaq qələbəsi

UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.

Sportline.az xəbər verir ki, ilk görüşdə 0:3 hesabı ilə məğlub olan “Liverpul” bu dəfə “Barselona”nı “Enfild”də qəbul edib. Məhəmməd Salahla Roberto Firminonun yoxluğuna baxmayaraq, oyuna meydan sahibləri daha fəal başlayıblar.

Yerli azarkeşlər erkən qola seviniblər. 7-ci dəqiqədə Divok Origi hesabı açıb. Fasiləyədək başqa qol olmayıb. İkinci hissədə meydana daxil olan Corcinyo Veynaldum 54-cü dəqiqədə fərqi artırıb. 2:0. Bununla kifayətlənməyən hollandiyalı futbolçu 2 dəqiqə sonra qonaqları yenidən mərkəzə dəvət edib. 3:0.

Qarşılaşmada sonuncu qol 79-cu dəqiqədə vurulub. Divok Origi komandasının 4-cü, özünün 2-ci qolunun müəllifi olub. 4 cavabsız qolla qələbə qazanan “Liverpul” finala yüksəlib. “Barselona” isə həlledici görüşün bir addımlığında mübarizəni dayandırıb.