Luis Enrike üçün iki variant: "Çelsi", yoxsa "Arsenal"?

"Barselona"nın sabiq baş məşqçisi Luis Enrike karyerasını İngiltərədə davam etdirə bilər. SportLine.az "Sunday Star"a istinadən xəbər verir ki, London şəhərinin iki təmsilçisi ispaniyalı mütəxəssisin xidmətində maraqlıdır.

Antonio Konteni komandadan göndərməyi düşünən "Çelsi" rəhbərliyi L.Enrike ilə danışıqlara başlamağa hazırlaşır. Klub nümayəndələrinin mütəxəssisin meneceri ilə ilkin razılıq əldə etdiyi bildirilir.

Bir neçə gün öncə yayılan xəbərlərdə isə L.Enrikenin "Arsenal"a keçəcəyi deyilirdi. "Topçular"ın son turlar əldə etdikləri nəticələr, xüsusilə, "Arsenal"ın Avropa Liqasında "Milan" səddini aşmasından sonra A.Vengerin komandada qalacağı gözlənilir. 

Belə olan halda, L.Enrikenin "Çelsi"yə keçidi daha real görünür.

Qeyd edək ki, ispaniyalı mütəxəssis 2014-2017-ci illərdə "Barselona"nı çalışdırıb.