Mahir Şükürov: "Finalda "Sumqayıt"a azarkeşlik edəcəm"

Sportline.az Azərbaycan milli komandasının sabiq futbolçusu Mahir Şükürovun Sportnet.az-a müsahibəsini təqdim edir:

- Futbolçu karyerasını başa vuran Mahir Şükürov bu gün nə ilə məşğuldur?
- Mənim müəyyən fəaliyyətim, üzərində çalışdığım işlərim var. Amma indi açıqlamaq istəmirəm. Gələn aydan hər şey yaxşı olacaq, futbolun içərisində qalacağam.

- Klub rəsmisi kimi?
- İndidən nə isə demək istəmirəm. Hər şey ola, hər sahədə çalışa bilərəm.

- Bəs özünüzün ya doğma şəhəriniz Sumqayıtda, ya da Azərbaycanın istənilən məkanında klub yaratmaq fikriniz varmı? Hər halda bunun üçün müəyyən imkanlarınız olmamış deyil...
- Əlbəttə, imkanım var. Sadəcə, bunun üçün şərait də lazımdır. Bir işə başlayanda məsuliyyətli olmaq lazımdır. Bu gün başlayım, sabah dayandırım... Bu işin axırı da yoxdur. Yəni, belə fəaliyyət növü həm məsuliyyət, həm də şərait tələb edir. Yaxşı şərait olsa, niyə də yox?! Bu gün hər yerdə - Türkiyədən Rusiyayadək tanışlar var. Hər şey etmək mümkündür.

- Sizcə, mayın 5-də Azərbaycan çempionu müəyyənləşə bilər?
- Çempionluq üçün "Qarabağ"a "Neftçi" ilə heç-heçə belə kifayət edir. "Neftçi" isə öz şansını ötən tur "Sumqayıt"la qarşılaşmada əldən verdi. Sabah maraqlı tur olacaq. Amma "Neftçi"nin çempionluğu əldə etməsi çətin görünür.

- "Neftçi" çempionluq üçün belə əlverişli şansı bir daha nə zaman yaxalaya bilər?
- Bu mövsüm "Neftçi"nin doğrudan da yaxşı şansı var idi. Hətta "Qarabağ"ı 5-6 xal üstələdiyi dövr də olmuşdu. Amma indi 5 xal gerisinə düşüb. Bu dəfə alınmasa belə, gələn mövsüm hər şey mümkündür. Komandada heyət dəyişə, güclənə bilər. Amma bu mövsümdəki kimi şansı yaxalaması çətin olacaq.

- Bəs daha bir keçmiş klubunuz "Qəbələ"də baş verənləri necə dəyərləndirirsiniz?
- Tale Heydərovun klub prezidenti vəzifəsindən istefası həqiqətən də üzücü oldu. Rusiyanın "Anji" klubundan "Qəbələ"yə gəlişimdə onun böyük rolu olmuşdu. Bu, birbaşa öz istəyi ilə baş vermişdi. "Mahir Şükürovu komandada görmək istəyirəm" demişdi. Sağ olsun! Heydərovun gedişinə üzülməklə yanaşı, "Qəbələ"nin prezidenti vəzifəsinin Fariz Nəcəfova həvalə olunmasına sevindik. Onunla da birgə çalışmışıq, çox gözəl insan, öz işinin öhdəsindən layiqincə gəlməyi bacaran klub rəsmisidir.

- Büdcənin azaldığı, aparıcı futbolçuların komandanı tərk etdiyi bir şəraitdə "Qəbələ" nə qədər duruş gətirə bilər?
- Məncə, gələn mövsüm "Qəbələ" legionerləri yola salaraq, azərbaycanlı uşaqlarla davam edəcək. Ən yaxşıdı da budur. Qoy, öz uşaqlarımız oynasın. Uduzanda da bilək ki, özümüzünkülərdir. Yerli futbolçularla oynasınlar, yerliləri yetişdirsinlər.

- Avropa Liqasının qrup mərhələsinə iki dəfə düşmüş klub belə siyasətlə hansı hədəfə nail ola bilər?
- Onsuz da hazırkı durumda da hansısa böyük hədəfə nail olmaq mümkünsüzdür. Kimisə gətirmək üçün büdcə lazımdır. 3 - 5 minə gətirdiyin legioner heç vaxt o səviyyədə ola bilməz. Normal legionerə ayda ən azı 20 min vermək gərəkdir. Bu, yoxdursa, nə etmək olar? Məcbursan ki, öz əlinin altındakı uşaqlarla oynayasan.

- Ümumiyyətlə, növbəti mövsümdən nə gözləyirsiniz?
- Hələ heç nə bilinmir. Ola bilər ki, komandaların sayını artırsınlar və ya elə bu cür də davam etsin. Görək də... Hər şey klubların hansı səviyyədə olacaqlarından, yüksək liqaya hansılarının vəsiqə qazanacaqlarından asılıdır. Çempionat bitməmiş "əla olacaq" deməklə yalan danışmaq düzgün alınmaz.

- Azərbaycan Kubokunun final matçının Naxçıvanda keçirilməsinə münasibətiniz necədir?
- Yaxşıdır, niyə də yox?! Belə oyunları bölgələrə salmaq lazımdır. Hər il bir məkanda keçirilsə, lap gözəl olar. Ona görə ki, insanlar gələrlər, öz futbolçularımızı izləyərlər, futbola maraq daha da çoxalar.

- "Qəbələ" sizin doğma klubunuz, "Sumqayıt" isə doğma şəhərinizin təmsilçisidir. Bu baxımdan, oyunu Naxçıvanda canlı izləmək fikriniz var?
- Bəli, gedib canlı izləmək istəyirəm.

- Bəs hansı kluba azarkeşlik edəcəksiniz?
- "Sumqayıt"a. Çünki doğma şəhərimizin komandasıdır. İstərdim ki, kuboku "Sumqayıt" qazansın.