"Mançester Siti" - "Tottenhem": Baş məşqçi fikirləri

Bu gün UEFA Çempionlar Liqasında növbəti 2 yarımfinalçı müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, gecənin maraqla gözlənilən qarşılaşması Mançesterdə olacaq. Londonda “Tottenhem”ə minimal hesabla uduzan “Mançester Siti” doğma arenada bunun əvəzini çıxmağa çalışacaq. Premyer Liqada ardıcıl 9 qələbə qazanan Pep Quardiolanın  komandasında ciddi itki yoxdur. Tottenhemdə isə Harri Keyn zədəlidir.

London klubun əsas qol silahı məhz elə “Mançester Siti” ilə keçirilən ilk görüşdə zədələndiyindən cavab qarşılamasında da iştirak edə bilməyəcək. Bundan başqa Erik Dayer və Harri Uinks də zədəlidir. Erik Lamela və Dele Allinin iştirakı isə sual altındadır. Ənənəvi mətbuta konfransında Tottenhemin baş məşqçisi Maurisio  Poçettino bunları deyib.  

“Mançester Siti” ilə ilk oyunda qalib gəlmək əla nəticədir. Amma hələ heç nə həll olunmayıb. Bizi daha çətin cavab görüşü gözləyir. Rəqibimiz çox güclüdür və onlar oyuna yüksək tempdə başlayacaqlar. Əsas məqsədimiz onların bu təzyiqinə davam gətirib əks hücumlar qurmaqdır. Biz də öz gücümüzə inanırıq. Quardiola dünyanın ən güclü məşqçilərindən biridir. Ona görə də oyunun gedişində müxtəlif taktiki sxemlərə də hazır olmalıyıq”

“Mançester Siti”nin baş məşqçisi Pep Quardiola da media nümayəndələrinin önünə çıxıb. O, Premyer Liqa titulunu Çempionlar Liqasından daha vacib hesab etdiyini deyib.

“İlk görüşdəki məğlubiyyətin əvəzini çıxmaq üçün var qüvvəmizlə mübarizə aparacağıq. Amma yarımfinala adlamasaq, bunu faciə saymıram. Çoxları düşünür ki, mən “Siti”yə Çempionlar Liqasını qazanmaq üçün gəlmişəm. Amma, bu, belə deyil. Bu komanda ilə istədiyim oyunu nümayiş etdirmək istəyirəm. Mənim üçün Premyer Liqa daha çətin turnirdir. Bu yarışda 3 gündən bir oynamaq məcburiyyətindəsən və burda titul qazanmaq daha çətindir. Çoxları “Bavariya”da Çempionlar Liqasını qazana bilmədiyimi də ön plana çıxarıb bunu uğursuzluq kimi qiymətləndirirlər. Bunu anlayıram və qəbul edirəm. Münhen klubunda işlədiyim 3 ildə bütün titulları əldə etsək də, yalnız Çempionlar Liqasında titul qazana bilmədik. Bu , həqiqətəmn də böyük uğursuzluq idi”

Əlavə edək ki, “Mançester Siti” – “Tottenhem” görüşü Bakı vaxtı ilə saat 23-də başlanacaq.