"Mançester Yunayted" - "Barselona": baş məşqçi fikirləri
UEFA Çempionlar Liqasının ¼ finalı çərçivəsində “Mançester Yunayted” “Old Trafford”da “Barselona”nı qəbul edəcək.
Sportline.az xəbər verir ki, 1/8 finalda “Pari-Sen-Jermen”i mübarizədən kənarlaşdıran “qırmızı şeytanlar” növbəti dəfə azarkeşlərini sevindirmək istəyirlər. Görüşdən qabaq keçirilən mətbuat konfransında Mançester klubunun baş məşqçisi Ole-Qunnar Sulşer futbolda istənilən nəticənin qeydə alına biləcəyini bildirib.
“Püşkdə bizə “Barselona”nın çıxdığını görəndə hamımız gülümsədik. Çünki, bilirik ki, bizi daha bir çətin sınaq gözləyir. “Barselona” kimi komanda ilə qarşılaşanda növbəti mərhələ haqda düşünürsənsə, onda çox yüksək səviyyəli futbol oynamalısan. Pol Poqbaya böyük ümidlər bəslənilir. İnanıram ki, o, öz oyunu ilə azarkeşlərini sevindirəcək. Aleksis Sançesə gəldikdə isə, bu qarşılamada iştirak etməyəcək. Ümumi qrupda məşqlərə başlasa da, tam hazır deyil. Onun həftəsonu Premyer Liqa oyununda iştirak ərizəsinə daxil olacağını düşünürəm”
“Barselona”nın baş məşqçisi Ernesto Valverde də oyunla bağlı fikirlərini açıqlayıb. O, “Mançester Yunayted”in Parisdə qazandığı qələbəyə də toxunub.
“Mançester Yunyted” həmişə güclü rəqib olub. Onların əsas üstünlüyü təkcə standard vəziyyətlərdən yaxşı istifadə etməklə bitmir. Komanda həm hücumda, həm də müdafiədə yaxşı oynayır. Parisdəki görüşə “Yunayted” əsas heyətin bir sıra futbolçuları olmadan çıxmışdı. Amma nəticə göz önündədir. Düşünürəm ki, bizi İngiltərədə çox çətin oyun gözləyir. Əsas məqsədimiz səfər oyununda qol vurmaqdır. Əks halda bizə ev oyununda daha çətin ola bilər”
Əlavə edək ki, “Mançester Yunayted” – “Barselona” görüşü Bakı vaxtı ilə saat 23-də başlanacaq.