"Mançester Yunayted" yeni baş məşqçisini açıqlamağa hazırlaşır

"Mançester Yunayted" rəhbərliyi komandadakı məşqçi problemini həll etmək niyyətindədir. 

SportLine.az xəbər verir ki, klubun İcraiyyə Komitəsi yaxın günlərdə yeni baş məşqçinin adını rəsmən açıqlamaq istəyir. Bu mövzu ətafında gedən müzakirələrdə bir neçə mütəxəssisin adının çəkildiyi bildirilsə də, ən real namizəd hazırda komandaya rəhbərlik edən Ole Qunnar Sulşer hesab olunur.

"ESPN" məlumat verib ki, İcraiyyə Komitəsinin üzvləri Sulşerin işindən razıdır. Doğrudur, bundan öncə rəhbərlik mütəxəssisin qarşısında Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəlmək vəzifəsini qoymuşdu. PSJ ilə "Old Trafford"da keçirilən ilk görüşdə isə komanda məğlubiyyətlə üzləşib. Cavab matçında "Mançester Yunayted"dən mərhələ adlamaq üçün minimum 3 qol tələb olunur. 

Sulşerin komandasının çətin vəzifənin öhədəsindən gəlib-gəlməyəcəyi bilinmir. Ancaq yayılan xəbərlərdə rəhbərliyin bu tələbi geri götürdüyü, Sulşerlə münasibətlərin rəsmiləşdiriləcəyi gözlənilir. Mütəxəssislə 2020-ci ilin yayınadək müqavilə bağlanacağı ehtimal olunur.

Qeyd edək ki, O.Q.Sulşer ötən dekabrda Joze Mourinyonun istefaya göndərilməsindən sonra komandaya müvəqqəti rəhbərlik etməyə başlayıb.