"Ramosun dedikləri gülməlidir" - Məhəmməd Salah
Misir millisinin və “Liverpul”un hücumçusu Məhəmməd Salah Dünya çempionatı öncəsi “Marca”nın suallarını cavablandırıb. SportLine.az saytı həmin müsahibəni diqqətinizə çatdırır:
- Zədəniz necədir? İlk oyunda meydana çıxa biləcəksiniz?
- İndi daha yaxşıyam. Ümid edirəm, Uruqvaya qarşı keçiriləcək ilk oyunda meydanda olacağam. Amma indidən nəsə demək çətindir. Bu, həmin vaxtkı vəziyyətdən asılıdır.
- Kiyevdə keçirilən finalda zədələndiniz və oyunu yarımçıq tərk etdiniz. Bunu karyeranızın ən arzuolunmaz anı kimi qiymətləndirmək olarmı?
- Bəli, elədir.
- Nəhayət, sizi Rusiyada yenidən yaşıl meydanlarda görəcəyik. Bəs, zədələndikdən sonra Dünya çempionatından kənarda qalmaqla bağlı qorxunuz oldumu?
- Yerə yıxılanda fiziki ağrı ilə qorxunun qarışığı bir hiss keçirdim. Çempionlar Liqasının finalını yarımçıq tərk etdiyimə görə də qəzəbli və kədərli idim. Sonrakı günlərdə Dünya çempionatından kənarda qalmaq barədə də düşündüm. Bu hiss mənə çox əziyyət verdi.
- Həmin epizodla – Serxio Ramosun sizi zədələdiyi anla bağlı müxtəlif fərziyyələr səsləndi. Sizcə, bu, normal idi?
- Bilmirəm. Bəlkə də.
- Bir neçə gün sonra Serxio Ramos, “Əvvəlcə, o mənim qolumdan tutdu və digər yanı üstə yıxıldı. Buna görə də, digər qolunu zədələdi”, - dedi. Bu fikir barədə nə deyə bilərsiniz?
- Ramosun dedikləri gülməlidir.
- Serxio, həmçinin, “Ağrıkəsici vurulsaydı, ikinci hissədə oynaya bilərdi”, - demişdi. Bu fikirlə razısınız?
- (Gülür) Bunu belə şərh edə bilərəm, əvvəlcə səni ağladan insan, sonra səni güldürür. Görəsən, mənim Dünya çempionatıma hazır olub-olmayacağım barədə nə deyə bilər?
- Serxio sizə mesaj göndərmişdi...
- Göndərdi, amma heç vaxt ona, “Hər şey qaydasındadır”, - deməmişəm.
- İndi də Dünya çempionatından danışaq. Misir üçün Rusiyada keçiriləcək Mundiala vəsiqə qazanmaq nə deməkdir?
- Son 28 ildə ilk dəfədir final mərhələsinə yüksəlirik. Təbii ki, bu normal deyil. Çünki 7 dəfə Afrika Kubokunu qazanmışıq və 2006, 2008, 2010-cu illərdə də çempion biz olmuşuq. Afrika Kubokunu qazanmaq bizim üçün adi hala çevrilib. Amma Dünya çempionatına vəsiqə qazana bilmirdik. İndi isə xoşbəxtdik. Uzun fasilədən sonra buna nail ola bildik. Bu, xüsusi və əhəmiyyəti böyük olan hadisədir. İspaniya üçün Dünya çempionu olmaq nə qədər böyük hadisədirsə, final mərhələsinə yüksəlmək də bizim üçün mühümdür.
- Dünya çempionatında Misirin əsas məqsədi nə olacaq?
- Çox yaxşı komandamız və baş məşqçimiz (Hektor Kuper) var. Əlimizdən gələnin ən yaxşısını etməyə və ən azından, növbəti mərhələyə adlamağa çalışacağıq.
- Bəs, sizin şəxsi məqsədiniz nə olacaq?
- Komandama kömək etmək və qollar vurmaq.
- Misir millisinin güclü tərəfləri hansılardır?
- Bu barədə nəsə demək çətindir, ancaq düşünürəm ki, birliyimiz və komanda oyunu bizim əsas üstün cəhətimizdir. Əvvəlki baş məşqçinin (Şavki Qərib) dövrü ilə müqayisə etsək, Hektor Kuperin rəhbərliyi altında fərqli oynayırıq. Bütün oyunçular bir məqsəd üçün çalışırlar. Hamı komandanın qələbə qazanmasını istəyir. Bizim üçün ən vacib məsələ budur.
- Hektor Kuperin çətin məşqçi olduğunu deyirlər...
- (Gülür) Onun böyük təcrübəsi var. O, çox yaxşı məşqçidir və bizim inkişafımız üçün çalışır. O, çətin deyil, düşünürəm ki, yaxşı məşqçi və gözəl insandır.
- Kuper sizin inkişafınıza nə kimi töhfə verib?
- Taktiki cəhətdən inkişafıma kömək olub. Onun rəhbərliyi altında daha yaxşı müdafiə olunmağı və daha yaxşı hücum etməyi öyrənmişəm.
- Komandadan Rusiyada gözəl oyun gözləyən azarkeşlərin təzyiqlərini hiss edəcəksiniz?
- Dünya çempionatının təsnifat mərhələsində təzyiqlər var idi. Təbii ki, bəziləri, “Mundiala yüksəldik. Bu qədər kifayətdir”, - deyə bilər. Ancaq mənim üçün, bu, belə deyil. Tarix yazmaq və fərqli zəfərlərə nail olmaq istəyirik. Mənim düşüncəmə görə, təzyiq fərqli nailiyyətlər əldə etmək istəyidir. Oraya getmək, üç oyun oynamaq və “çox sağ olun” deyib gəlmək fikrim yoxdur.
- İspaniya ilə qarşılaşmaq ehtimalınız haqda nə deyə bilərsiniz?
- İspaniya, və ya Portuqaliyaya qarşı oynaya bilərik. Ümid edirəm, belə bir imkanımız olacaq. Bunlar böyük komandalardır və belə oyunlar çox çətin olur. Ancaq heç kim nələrin baş verəcəyini proqnozlaşdıra bilməz.
- İspaniya millisinin ən bəyəndiyiniz xüsusiyyəti nədir? Hansı futbolçunu fərqləndirərdiniz?
- “Çelsi”də Diyeqo Kosto və Sezar Azpilikueta ilə birgə oynamışam, Alberto Moreno ilə “Liverpul”da bir yerdə oynayırıq. Bir nəfərin adını çəkə bilmərəm. Ancaq Kostanın oyununu daha çox bəyənirəm. Biz bir komandada oynayanda, o, inanılmaz idi. Həm insan, həm də futbolçu kimi çox yaxşı idi.
- Dünya çempionatı ilə bağlı ilk xatirəniz hansıdır?
- 2002-ci ildə keçirilən Dünya çempionatını xatırlayıram. Baxdığım ilk oyunu söyləməkdə çətinlik çəkirəm. Evdə baxmışdım həmin oyuna. Braziliya 2:1 udmuşdu. Yox, 2:0... Hər iki qolu Ronaldo vurmuşdu.