"Məni ən çox üzən Bakıda belə hesabla uduzmaqdır" - Qurban Qurbanov

“Çox üzücü məğlubiyyət oldu. Bu gün rəqibin gücünü tam bildik. Bəlkə də, ən yaxşı oyunlarından birini keçirdilər. Belə komandalara qarşı yaxşı oynamaq istəyirik. Amma bəzən buna imkan vermirlər. Çox sürətli oynayırlar. Yaxşı danışacaq bir şey yoxdur. Hər şey bu gün bizim tam gücümüzü və rəqibin nə qədər üstün olduğunu göstərdi”.

SportLine.az "Report"a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə Portuqaliya "Sportinq"inə 1:6 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin V tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

Oyundan razı qaldınız?

- Əlbəttə ki, xeyr.

Hansı mövqedən və ya futbolçudan ən çox narazı qaldınız?

- Mövqe dedikdə, hərtərəfli bizdən üstün idilər. Hər hansı bir mövqedə yaxşı oynadığımızı desəm, düzgün olmaz. “Sportinq” Portuqaliyanın ən yaxşı uşaq futboluna malikdir. Avropa çempionu olduqları ildə 12-14 futbolçu “Sportinq” məktəbinin yetirməsi olub. Onların oyun fəlsəfəsi, futbolçu seçimi yuxarı səviyyədədir. Hamı bu gün onların gücünü, sürətini gördü. Ümumiyyətlə, Avropa futbolu hələ bundan da yuxarı səviyyədədir. Özümüzü aldatmayaq, bütün komponentlərdə zəifik. Sadəcə, çox oyunlarda xarakter göstərmişik, bir az bəxtimiz gətirib. Rəqib belə oynadıqda isə özünü narahat hiss edirsən, səhvlər edirsən. Belə komandalar isə səhvləri bağışlamır.

Dediniz ki, bu oyun real gücümüzü göstərdi. Kosovo ilə matçda da eyni cümləni işlətmişdiniz. İnkişaf etməyimiz üçün beyninizdə planlar varmı ki, “Sportinq” kimi komandalara böyük hesabla uduzmayaq?

- Bəli, belə bir söz Kosovo ilə görüşdən sonra da işlətmişdim. Həqiqəti deyirəm, hər şeyə real baxmalıyıq. Bu gün inkişaf barədə düşünsək, sıfırdan başlamalıyıq. Bu cür böyük klubların, onların çempionatının hansı səviyyədə olduğunu hamımız görürük. Onlar bizdən qat-qat yüksəkdədirlər. Kiçik futbol ölkəsi kimi, belə görüşlərdə təcrübə qazanırıq. Futbolçularımız belə rəqiblərin səviyyəsini canlı görəndə, öz üzərilərində daha çox çalışmalıdırlar. Hətta eyni səviyyəli komandaların oyununda da belə hesablar olur. Məsələn, Premyer Liqada, La Liqada bunları müşahidə etmişik. Məni ən çox üzən Bakıda belə hesabla uduzmaqdır. Ümumiyyətlə, Bakıda bütün matçlarda qalib gəlmək istəyirəm. Amma reallıq da budur. Böyük inkişaf olmalıdır ki, gələcəkdə belə rəqiblərlə mübarizə apara bilək. Hər halda, yaxşı oyunlarımız da az olmayıb. Güclü rəqiblərlə mübarizə aparmağı bacarmışıq. Amma Avropada futbol get-gedə çox sürətlə inkişaf edir.

Futbolçular meydana Qarabağ müharibəsində şəhid olmuş insanların övladları ilə çıxmışdılar. Bu, böyük motivasiya olmalı idi. Amma bunu görə bilmədik...

- Qolların çoxunu səhvdən buraxdıq. Xüsusən də, ikinci qolu bu cür buraxmamalıydıq. Deməzdim ki, motivasiyaları yox idi. Qol buraxdıqdan dərhal sonra qol vurduq. Rəqib qapısı qarşısında imkanlarımız oldu. İlk hissədə hücum planında pis deyildik, hücumlarımız alınırdı. Daha artığını etmək olardı. Amma rəqib topla həddən artıq yaxşı oynadı. Başqa cür oyun planlaşdırmışdıq ki, topla daha çox oynayaq. Amma yeni baş məşqçi amili də rəqibin oyununa təsir etdi. Deməzdim ki, uşaqlar oynamaq istəmirdilər. Hər halda, hansı uşaqlarla meydana çıxdıqlarını düşünürdülər.