"Məqsədimiz AVRO-2020-yə vəsiqə qazanmaqdır" - Elxan Məmmədov
AFFA-nın baş katibi Elxan Məmmədov "CBC Sport" telekanalının qonağı olub. SportLine.az xəbər verir ki, AFFA rəsmisi milli komanda və Azərbaycan futbolu ilə bağlı sualları cavablandırıb.
Milli komandanın yeni baş məşqçisi - Nikola Yurçeviçin qarşısına qoyulan məqsəddən danışan E.Məmmədov, "Avro-2020"nin final mərhələsinin 4 oyunu Bakıda olacaq. Biz də orada iştirak etmək istəyirik. N.Yurçeviçin qarşısına final mərhələsinə yüksəlmək tapşırığı qoyulub", - deyib.
Baş katib Milli komandanın martın 25-də Litvaya qarşı keçiriləcək yoxlama oyunununda Tofiq Bəhramov adına Respublika stadionunda deyil, “Bakcell Arena”da keçirilməsinə aydınlıq gətirib.
“Respublika stadionu AFFA-nın balansında deyil. Ona görə də millimizin orada keçirəcəyi hər oyun üçün müəyyən məbləğ ödənilməlidir. Söhbət 50 min manatdan gedir. Bu məbləğə məşqlər daxil deyil. Bunun üçün ayrıca ödəniş edilməlidir. “Bakcell Arena” isə AFFA-nın balansındadır.
Millinin oyunları zamanı əsas gəlir skaybokslardan götürülür. “Bakcell Arena”da isə skayboksların sayı daha çoxdur. “Bakcell Arena”da 23, respublika stadionunda isə 12”.
Uşaq futbolundakı vəziyyətə də toxunan E.Məmmədov AFFA-nın Tovuzda futbol akademiyası yaratmağa hazırlaşdığını bildirib: “Tovuzda uşaq futbolunun inkişafı ilə bağlı əlverişli şərait var. Buna görə də seçimimizi etdik. Artıq akademiyanın inşası üçün müvafiq əraziyə də baxmışıq”.