Məşqçilərimiz Dünya çempionatının oyunları üçün yığışdılar

Bu gün AFFA-nın Futbol Akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun daha bir moduluna start verilib.

SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, Avqustun 11-dək davam edəcək bu modulda Rusiyada təşkil olunmuş 2018-ci ildə dünya çempionatının oyunlarının təhlil olunacaq. Qarşılaşmalarda taktiki planda diqqətçəkən məqamlar və müşahidə olunan yeniliklər müzakirə ediləcək.

UEFA-nın tövsiyəsi ilə təşkil olunmuş, AFFA-nın texniki direktoru Bernhard Lippert, təlimatçılar Aslan Kərimov və Osman Rəhimovun iştirakı ilə keçirilən bu modulun yekunları kursda təhsil alan məşqçilərin qiymətləndirilməsinə təsir göstərməyəcək.

Qeyd edək ki, Pro kateqoriyalı məşqçi kursunda 11 nəfər - "Sabah”ın baş məşqçisi Elşad Əhmədov, "Qarabağ”ın məşqçisi Elçin Rəhmanov, Ağdam təmsilçisinin kapitanı, 20 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqov, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd, 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Zaur Həşimov, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ramin Quliyev, "Neftçi"nin əvəzedici heyətinin baş məşqçisi Mahmud Qurbanov, "Mançester Yunayted” Futbol Məktəbinin baş məşqçisi Mik Bennett, eləcə də Samir Abasov, Siyasət Əsgərov və Baba Əsgərov iştirak edirlər.