Milli komandanın üzvlərinə mükafat verilib

AFFA “Avro-2020”nin Xorvatiya ilə seçmə mərhələ (1:2) və Litva ilə yoldaşlıq oyunlarına (0:0) görə milli üzvlərinə mükafat verilməsi ilə bağlı xəbərə münasibət bildirib.

Sportline.az xəbər verir ki, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentin rəhbəri Firuz Abdulla Qol.az-a açıqlamasında futbolçuların mükafatlandırıldığını təsdiqləyib. Ancaq o, mükafatın xorvatlara məğlubiyyətə yox, litvalılarla Bakıdakı heç-heçəyə görə verildiyini söyləyib:

"Mükafatın məbləği ilə bağlı isə heç nə deyə bilmərəm. Bunu futbolçuların özləri ilə dəqiqləşdirin. Amma onu da nəzərə alın ki, AFFA milli komandanın futbolçularına maaş vermir. Yalnız nəticə olanda onlar mükafatlandırılırlar".

Qeyd edək ki, Qol.az saytı daha əvvəl AFFA-nın son iki oyuna görə millinin hər bir üzvünə 5000 manat (2 min Xorvatiya, 3 min isə Litva ilə oyun üçün) pul mükafatı verməsi ilə bağlı məlumat yayıb.