Millidəki qalmaqala AFFA-dan münasibət

“Hesabda geri olan komandanın paltardəyişmə otağında futbolçular arasında söhbətlərin emosional olması təbii haldır. Bu, futbola xas durumdur”.

Sportline.az xəbər verir ki, bunu “Report”a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Uels, Trnavada isə Slovakiya yığması ilə oyunda Azərbaycan millisinin futbolçuları arasında dava olması ilə bağlı iddialara cavab verərəkən deyib.

Federasiya rəsmisinin sözlərinə görə, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektivin 0:2 hesabı ilə uduzduğu hər iki matçda yığma üzvləri arasında hansısa davadan söhbət gedə bilməz: “Belə bir şey olmayıb. Ola bilər ki, biri digərinə hansısa iradını çox emosional şəkildə bildrib və eyni formada da cavab alıb. Bu cür məsələləri dava kimi qələmə vermək düzgün deyil”.

F.Abdulla Slovakiya yığması ilə görüşün 10-cu dəqiqəsində rəqibin kapitanı Marek Hamşiklə mübahisə edib ona barmaq silkələyən Eddi İsrafilovun fasilədə Ramil Şeydayevlə dalaşdığı və bu üzdən Elvin Camalovla əvəzlədiyi yönündə çıxan xəbərlərin doğru olmadığını vurğulayıb: “Bizdə millinin düşərgəsində futbolçular arasında hansısa davanın olması barədə məlumat yoxdur. Oyundan sonra da baş məşqçi Nikola Yurçeviç Eddi İsrafilovu hansı səbəbədən əvəzlədiyi barədə danışıb. Bildirib ki, İsrafilovu çox emosional olduğuna, hisslərini cilovlaya bilmədiyinə görə əvəzləməli olub”.