Millimiz Kanada seçməsinə uduzdu

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandda təşkil olunan FIBA Çempionlar Kubokuna məğlubiyyətlə başlayıb. Banqkok şəhərində keçirilən turnirin B qrupunda mübarizə aparan seçməmiz ilk sınağında Kanada kollektivi ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, gərgin keçən görüş rəqib komandanın 16:10 hesablı üstünlüyü ilə yekunlaşıb.

Təqvimə əsasən, basketbolçularımız saat 16:05-də Tailand komandası ilə qarşılaşacaqlar. Qrup mərhələsinin son matçı isə sabah İspaniya seçməsinə qarşı olacaq.

Qeyd edək ki, baş mükafatı qazanan komanda 2027-ci ildə keçiriləcək Dünya Kuboku və Çempionlar Kuboku ilə yanaşı, həm də 2028-ci il Yay Olimpiya Oyunlarına lisenziya verən Olimpiya Təsnifat turnirinə birbaşa vəsiqə əldə edəcək.