Millimiz uğursuzlar siyahısında
AVRO-2020-nin seçmə mərhələsinin ən uğursuz komandaları müəyyənləşib.
Sportline.az xəbər verir ki, azarkeşlərini növbəti dəfə məyus edən Azərbaycan millisi qitənin ən zəif komandaları sırasında yer alıb.
Nikola Yurçeviçin komandası, keçirdiyi 8 oyunda qələbəyə həsrət qalıb ki, bu da millini Avropanın ən uğursuz 7 komandası sırasına daxil edib.
Seçmə mərhələdə mübarizə aparan 55 komandadan yalnız 7-si qələbə nə olduğunu bilməyib. Martda start götürüb, noyabrda başa çatan tsikldə Monteneqro A, Litva B, Estoniya C, Cəbəllütariq D, San-Marino İ, Lixtenşteyn İ qrupunda qalib gəlməyib.
Düzdür, yeddi qələbəsiz komandadan beşi 8, ikisi 10 oyun keçirib. Çünki San-Marino ilə Lixtenşteyn 6 komandalı, digərləri 5 komandalı qrupda mübarizə aparıb.
Komandaların oyun sayındakı fərqləri nəzərə almasaq, bu 7 yığmanın göstəricilərini də müqayisə etmək olar. Azərbaycan yığması 7 dəfə uduzduğu seçmə mərhələdə yalnız 1 xal toplayıb. Qələbəsiz komandalardan ikisi daha yaxşı göstəriciyə malikdir. Monteneqro üç, Lixtenşteyn isə iki heç-heçəyə sevinib.
Bu isə o anlama gəlir ki, N.Yurçeviçin yetirmələri 1 və ya daha az xal qazanan 5 ən zəif komandadan biridir. 50 iştirakçıdan geri qalan Azərbaycan millisini Avropada 51-ci saymaq olar. Litva və Estoniya ilə eyni nəticəyə imza ataraq 1 xal qazanan yığmanın top fərqi Baltikyanı ölkə təmsilçilərindən daha yaxşıdır.
Azərbaycanlı azarkeşlər yalnız iki komanda - Cəbəllütariqlə San-Marinoya baxıb təsəlli tapa bilər. Çünki yalnız bu “cırtdan”ların 1 xalı da yoxdur.