"Millimizə qələbə sevinci arzu edirəm" - Rövnəq Abdullayev
“İlk növbədə onu demək olar ki, qrupumuzdakı komandaların hər biri ilə müəyyən tanışlığımız var. Müxtəlif illərdə həm dünya çempionatının, həm də Avropa çempionatının seçmə mərhələsində qarşılaşmışıq". SportLine.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun rəsmi saytına açıqlamasında deyib.
Avro-2020-nin təsnifat mərhələsinin püşkatmasının nəticələrini dəyərləndirən AFFA prezidenti, "Futbol dinamik, inkişafda olan idman növüdür. Təbii ki, hər bir milli komandanın da oyununda zaman-zaman dəyişikliklərin, yeniliklərin şahidi oluruq. Avro-2020-nin seçmə mərhələsində maraqlı oyunların şahidi olacağımıza əminəm. Millimizə həmin oyunlarda uğurlar, qələbə sevinci arzu edirəm. Avro-2020 bizim üçün təşkilati baxımdan da əlamətdar turnirdir. Final mərhələsinin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu baxımdan, Azərbaycan futbol ailəsinin hər bir üzvünə qarşıdakı müddətdə uğurlar arzulayıram”, - deyə bildirib.