Millimizin baş məşqçisindən qələbə şərhi

DÇ-2020-nin əsas mərhələsi çərçivəsində bu gün keçirilmiş Slovakiya – Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin braziliyalı çalışdırıcısı Joze Alesio Da Silva 2:0 hesablı qələbəni şərh edib:

“Komandamın bu gün nümayiş etdirdiyi oyundan razı qaldım. Bu qarşılaşma əvvəl keçirdiyimiz oyunlara bənzəmədi. Onlar istədiyimi meydanda reallaşdıra bildilər. Birinci hissədə yaratdığımız qol epizodlarını reallaşdıra bilmədik. Fasilədə oyunçulara dedim ki, sakit olun, qol vuracağıq. Rəqibin real qol epizodları az oldu. Əvvəlki oyunlara baxıb, komandamızın yaxşı çıxış etmədiyini deyirdilər. Slovakiya ilə görüşdə bunun düzgün fikir olmadığını göstərdik.  

Qarşıda elit-raund mərhələsi var. Həmin oyunlara qədər zədəli futzalçılarımızın sağalıb, bizə qoşulacağına ümid edirik. Əlbəttə, arzulamadığımız rəqiblər də var. Digər tərəfdən bu gün futzalda zəif komanda yoxdur. Əvvəl iddialı komandaların 20 qol vurduğu yığmalar bu gün rəqiblərinə ciddi müqavimət göstərirlər”.

Marian Berki (Slovakiya milli komandasının baş məşqçisi): “Yaxşı təşkilatçılığa görə federasiyanıza təşəkkür, Azərbaycan millisini isə qələbə qazanması münasibəti ilə təbrik edirik. Səhvlər buraxdıq və rəqib bundan faydalandı. Komandanızın heyətində fərdi keyfiyyətlərinə görə seçilən futzalçılar var. Bu gün Ramiz Çovdarov, Vassoura və Bolinya kimi oyunçularınıza qarşı heç nə edə bilmədik. Qələbə qazanmaq üçün qol vurmaq lazımdır. Biz də bunu bacarmadıq”.