Azərbaycan millisinin baş məşqçisi məğlubiyyətləri şərh etdi

"İyunun 20-dən bir araya gəlmişdik. Bildiyiniz kimi, oktyabr ayında bizi Avropa çempionatının seçmə mərhələsinin oyunları gözləyir. Bu toplanışa 29 futbolçu dəvət etdik və 3 yoldaşlıq oyunu keçirdik”.

SportLine.az xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Ramin Quliyev AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

O, İran yığması ilə yoldaşlıq matçları barədə də danışıb:  "Nəzərimizdə olan uşaqlar haqda özümüzdə geniş fikir formalaşdırmaq üçün yaxşı imkan yarandı. Futbolçuları kifayət qədər təzyiq və sürət olmayan yerli çempionat oyunlarında izləyən zaman lazımi nəticəni çıxarmaq olmurdu. Toplanış çərçivəsində Asiyanın ən güclü komandalarından biri olan İran millisi ilə oynamaq imkanı qazandıq və keçirdiyimiz 2 qarşılaşmaya əsasən, komanda üzvləri haqda bizdə dolğun bir təəssürat yarandı. Bu gün bizi nəticədən çox mövqelər üzrə boşluqları görmək maraqlandırırdı. İran millisi ilə oyunlar bu boşluqları və ümumi çatışmazlıqları görmək imkanı yaratdı. Bununla da qarşıdakı toplanışlarda hansı mövqelərə yeni oyunçular dəvət etməyin vacib olduğunu müəyyənləşdirdik”.

Qeyd edək ki, millimizin İran yığmasına 0:4 və 1:5 hesabı ilə uduzub.