Millinin rəqibinin cəzası yüngülləşdi

UEFA Apellyasiya Komitəsi Slovakiya millisinin cəzasını yüngülləşdirib.

Sportline.az xəbər verir ki, bu ölkənin oktyabrın 10-da Uelslə ev oyununun azarkeşsiz keçirilməsinə dair qərar ləğv olunub. Üstəlik, Slovakiya Futbol İttifaqına kəsilmiş cərimə 20 min avrodan 15 min avroya endirilib.

Cəzaya sentyabrın 9-da Macarıstanla səfərdə keçirilmiş AVRO-2020-nin seçmə oyunu zamanı slovakiyalı azarkeşlərin siyasi təxribat xarakterli mesajları səbəb olub. Həmin görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Qeyd edək ki, daha əvvəl Slovakiya ilə görüşdə azarkeşlərinin irqçi davranışları üzündən Macarıstanın oktyabrın 10-da Azərbaycan yığması ilə ev oyununu azarkeşsiz keçirməsinə qərar verilib.