Millinin yoldaşlıq matçı yenə təxirə salındı
Azərbaycan və Gürcüstan milli komandalarının təxirə salınan yoldaşlıq oyunu ən tezi iyun ayında olacaq.
Sportline.az xəbər verir ki, marta nəzərdə tutulan görüş baş tutmamasının səbəbi, rəqib komandanın gələn ay üçün hər iki yoldaşlıq oyununa rəqibini müəyyənləşdirməsidir. Gürcüstan millisi martın 24-də evdə Litva, martın 27-də Estoniya ilə qarşılaşacaq.
Azərbaycan yığması isə martın 27-də Makedoniya ilə üz-üzə gələcək. Bunadək keçiriləcək daha bir qarşılaşma üçün isə rəqib müəyyənləşməyib. UEFA Millətlər Liqasınadək yoldaşlıq görüşünün bir də iyunda keçirilməsi mümkün olacaq.
Qeyd edək ki, yeni turnir sentyabrda start götürəcək. Azərbaycan millisi D Liqasında Malta, Farer adaları və Kosovo, Gürcüstan isə Latviya, Qazaxıstan və Andorra ilə bir qrupda yer alıb. Qonşu ölkə yığması ilə görüşün fevralın 2-də təşkili nəzərdə tutulmuşdu. Lakin sonradan Gürcüstan Futbol Federasiyasının istəyilə oyun bu il başqa vaxta təxirə salınıb.