Mourinyo "Mançester Yunayted"dən göndərilir?
"Mançester Yunayted" son 26 ildə mövsümə ən pis başlanğıcını edib. SportLine.az xəbər verir ki, "qırmızı şeytanlar" arxada qalan üç turda cəmi 3 xal toplaya biliblər və turnir cədvəlində 13-cü pillədə qərarlaşıblar.
"Baryton"un ardından "Old Trafford"da "Tottenhem"ə də uduzan "Mançester Yunayted"də diqqətlər Joze Mourinyonun taleyinə yönəlib.
İngiltərə mətbuatı portuqaliyalı mütəxəssisin nəticələr bu cür davam edəcəyi təqdirdə istefaya göndərilə biləcəyini yazır.
BBC Sport: "Mourinyo ilə futbolçular arasında problemlər var. Meydanda heç kim ürəklə oynamır".
"Mirror": "Mourinyo uçurumun kənarındadır. Növbəti uğursuz nəticə onun "Old Trafford"dan yola salınması ilə nəticələnə bilər".
Goal.com saytı isə J.Mourinyonun istefaya göndəriləcəyi təqdirdə "Mançester Yunayted"ə gətirilə biləcək məşqçilərin siyahısını tərtib edib. Siyahıda "Real"dan ayrılan Zinəddin Zidanın, "Tottenhem"in baş məşqçisi Maurisio Poçettinonun, "Çelsi" ilə vidalaşan Antonio Kontenin və "Yuventus"un çalışdırıcısı Massimiliano Alleqrinin də adı var.
Qeyd edək ki, J.Mourinyo 2016-cı ildən "Mançester Yunayted"ə rəhbərlik edir.