"Mübahisələrin yaşanmadığı klubda işləmək istəyirəm" - Mourinyo

"Mançester Yunayted"in sabiq çalışdırıcısı Joze Mourinyo "Teleqraf"a müsahibə verib. SportLine.az xəbər verir ki, portuqaliyalı mütəxəssis karyerası ilə bağlı səslənən sualları cavablandırıb. 

Ötən dekabrda "qırmızı şeytanlar"la yollarını ayıran J.Mourinyo, "İngiltərə futbolunda son vaxtlar klubdaxili qalmaqallar yaşanmaqdadır. Futbolçular və məşqçi heyəti arasında baş verən intriqalar nəticəyə təsir göstərir. Klub rəhbərləri bu məqamlara diqqət yetirməlidirlər", - deyib.

Onun istefasına da belə bir klubdaxili çəkişmənin səbəb olduğunu deyən mütəxəssis, "İstənilən vəziyyətdə məşqçi haqlıdır. Hər kəs onun qərarlarına hörmətlə yanaşmalıdır. Bu qərarların səhv, və ya düz verildiyi oyundan sonra müzakirə oluna bilər. Amma bu müzakirəni oyunçular yox, məşqçi heyəti aparmalıdır", - deyə söyləyib. 

Növbəti iş yerinin hara olacağı ilə bağlı suala isə portuqaliyalı belə cavab verib: "Hələ ki, istirahət edirəm. Növbəti mövsümdən bu haqda danışa bilərik. Hazırda heç bir klubla danışıq aparmıram. Mübahisələrin, klubdaxili çəkişmələrin yaşanmadığı bir yerdə işləmək istəyirəm". 

Qeyd edək ki, 56 yaşlı mütəxəssis "Porto", "Çelsi", "İnter" və "Real"la əldə etdiyi uğurlarla məşhurdur.