"Mütləq dəyişikliklər olmalıdır" - Qurban Qurbanovun istefa şərhi
Azərbaycan millisinin sabiq baş məşqçisi Qurban Qurbanov AFFA-nın İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. SportLine.az saytı xəbər verir ki, mütəxəssis istefası ilə bağlı məsələyə də münasibət bildirib.
- İclasda hansı qərarlar qəbul olundu?
- Açığı, iclasda az iştirak etdim. Çünki mənim məsələm müzakirə olunurdu, kənarda olmalı idim. Bu gün milli ilə yollarımızı ayırdıq. Rəhbərlik tərəfindən bildirildi ki, iki yerdə işləmək milli komandaya fayda vermir. Ayrılıq qərarı verdik. İcraiyyə Komitəsinin üzvlərinə, rəhbərliyə təşəkkür etdim. Bir il burda olduq, işimizi vicdanla yerinə yetirməyə çalışdıq. Əlbəttə, uzun proqram idi. Lakin uzun müddətli müqavilə imzalasaq da, ayrılığa da hazır olmalıyıq.
- Aşağı yaş qrupları üzrə milli komandalarda vəziyyət necə olacaq?
- Hələ dünəndən məlumat verilmişdi ki, hamı istefaya göndəriləcək. Həmin müzakirə hissəsində mən olmadım. Sonra iclasa daxil oldum, onda Hakimlər Komitəsinin tərkibi müzakirə olunurdu. Məşqim olduğu üçün 10-15 dəqiqə oturdum və çıxdım.
- Necə düşünürsünüz, postunuzda qalsaydınız, yığmanı yeni mərhələyə daşıya biləcəkdiniz?
- Fikir söyləmək düzgün olmaz. Hər şeyin kökünü möhkəm etməlisən ki, nəticə olsun. Hər hansı fikir söyləmək düzgün olmaz.
- Bundan əvvəl hər şeyə yenidən başlamağın lazım olduğunu demişdiniz. Düşünmürsünüz ki, bu fikirləriniz sizə qarşı münasibəti dəyişib?
- Yox, inanmıram. Bu gün də deyirəm ki, hər şeyə əvvəldən başlamalıyıq. Bizim futbolumuzun çatışmayan cəhətləri çoxdur. Bu, faktdır.
- 6 illik müqaviləniz var idi və yəqin ki, hansısa planınız var idi. Onu həyata keçirməyə nəyə görə imkan vermədilər?
- Məncə, İcraiyyə Komitəsinin üzvləri daha ətraflı məlumat verəcəklər. Biz 6 illik plan hazırlamamışdıq. Amma hissə-hissə çalışmalıyıq. Belə oldu.
- Üzərinizdən böyük yük qalxdığınızı düşünmürsünüz?
- Bilmirəm. Ola bilər. Mən milli və "Qarabağ"ı bir-birindən ayırmamışdım. Hər biri böyük bir məsuliyyət tələb edir. Vicdanla çalışmalıyıq. Mən də vicdanla işlədim. Rahatam...
- Ən tanınmış yerli baş məşqçi sizsiniz və ayrılıq qərarı verdiniz. Yaxın bir neçə ildə millinin baş məşqçi postu yerli mütəxəssisə tapşırılmayacaq?
- Məncə, bu sualı mənə vermək düzgün olmaz. Düşünürəm ki, gənc məşqçilərimiz yetişir. Hər şeyi AFFA-nın öhdəsinə buraxmaq lazımdır. Yekun qərarı onlar verəcəklər.
- Özünüzə haqsızlıq edildiyini düşünmürsünüz?
- Yox, bu barədə düşünmürəm.
- Qurban Qurbanov göndərildi, yoxsa özü getdi?
- Qarşılıqlı razılıq oldu. İcraiyyə Komitəsinin üzvləri belə qərar qəbul etdi. Gördük ki, iki yerdə işləmək çətindir və belə qərar qəbul etdik.
- Bir il postda olduğunuz müddətdə nəyi düz, nəyi səhv etdiniz? İşinizi davam etdirsəydiniz, nəyi aradan qaldırardınız?
- Gəlin, gələcək haqda düşünməyək. İşlədyimiz müddətdə hər şeyi düz etməyə çalışdıq. Nəticə olması üçün belə etməli idik. Bəlkə də, səhv etmişik. İnanın ki, hər şeyi düz etməyə çalışdıq.
- Geri dönüşünüz mümkündür?
- Bilmirəm. Hələ ki, gedirik.
- Millinin baş məşqçisi postunda ən az vaxt sizə verildi. Bu barədə nə düşünürsünüz?
- Normal baxıram. Hər hansı əlavə fikir söyləmək istəmirəm. Hamıya uğurlar arzuladım. Futbolda belə nəticələr olur, bir aydan sonra da göndərilə bilərdim. Ona görə hansısa fikir bildirmək istəmirəm.
- Necə düşünürsünüz, bundan sonra inkişaf olacaq?
- İnkişaf istəyiriksə, dəyişikliklər olmalıdır. Olacaq-olmayacaq, bunu deyə bilmərəm. Mütləq dəyişikliklər olmalıdır.
- İcraiyyə Komitəsində işinizi davam etdirəcəksiniz?
- Qalmağımı istəyirdilər. Getməyimlə bağlı müraciət etdim. Fevral-mart aylarında bu məsələyə bir daha baxılacaq. Mənim fikrim vəzifəmdən ayrılmaq, diqqətimi klubuma yönəltməkdir.