Nail Kərimov: "Yeni Bəhlullar artıq əsas komandanın heyətindədir"

Gənclərin Çempionlar Liqasında mübarizə aparan "Qəbələ" APOEL-lə ilk oyunda heç-heçə edib (1:1).

Klubun akademiyasının direktor müavini Nail Kərimov, Kipr təmsilçisi ilə cavab görüşünə hazırlıq və digər məsələlərlə bağlı fikirlərini bölüşüb. 

"Oyuna hazırlıqla əlaqədar, onu deyim ki, Kipr səfərindən sonra 5 futbolçumuz U-19-un düşərgəsinə qoşulub seçmə mərhələyə yollanmışdılar. Sabah milli komanda Bakıda olacaq. Uşaqlar da "Qəbələ"nin düşərgəsinə qoşulacaq. 5 nəfər millinin düşərgəsinə qoşulduğuna görə çempionat oyunun təxirə saldıq. Qayıdandan sonra məşqlərə davam edəcəklər. İki futbolçumuz da əsas komandanın düşərgəsindədi. Onsuz da mövsümün əvvəlindən orada davam edirdilər. Qalanları da komandadadı".

Nail bəy ÇL-dəki hazırlıqlarla bağlı sözləinə bunları əlavə etdi, nəyə ümid bəsləyə biləcəyimizdən danışdı: "İlk oyundan öncə rəqib haqda çox təsəvvürümüz yox idi. Çünki videomaterial əldə edə bilməmişdik. Sadəcə, müəyyən statistika vardı ki, oyun tərzləri necədi, bizə qarşı hansı şəkildə oynayacaqlarını bilmirdik. Amma hazırda rəqibi yaxşı analiz etmək üçün ciddi material var. Hər şey analiz olunub. Artıq necə oynayacağımız bəllidi. Bunun üzərində iş aparılır. Gözləntilərə gəlincə, ilk oyundan əvvəl olduğu kimi qələbəyə ümid edirik. Futbolçuları da məhz qələbəyə kökləmişik. İnanırıq ki, rəqibdən daha güclü komandamız var. Məqsəd növbəti mərhələyə adlamaqdı. 

Hədəflər? Belə suala necə cavab verəcəyimi bilmirəm. Futboldu, mərhələni keçməyə də bilərik. Rəqib gələr, sərfəli nəticə qazanıb gedər. Burda yalnız bacardığımız qədər irəliləməkdən söhbət gedə bilər. Xüsusi plan qura bilmərik. Sadəcə bizim üçün nə mümkündü? Bu və növbəti mərhələni keçə bilsək, sonrakı oyun artıq Çempionlar Liqasından gələn komandalarla birləşəcək. Belədə 1/8 final mərhələsi olacaq. Həmin oyunlar da səhv etmirəmsə fevral-mart aylarında keçiriləcək. Beləcə, qışdan sonraya qalan ilk Azərbaycan komandası ola bilərik. Ən azı bunu etmək istərdik".

Əsas yığmanın demək olar hər oyunundan sonra Bəhlul Mustafazadəyə görə "Qəbələ" akademiyasına təşəkkürlər edilir, fəxr hissləri ilə danışılır. Bəs hazırda akademiyada durum necədi? Yeni bəhlullar yetişirmi? Nail bəy bu suallara belə cavab verdi: "Bəhlulun və digər oyunçularımızın yaxşı, xoş oyunlarını görəndə şad oluruq. Bu bizə daha yaxşı və çox işləmək üçün bir stimuldu. Əlbəttə ki, namizədlər çoxdu. Dediyiniz yeni-yeni bəhlullar isə artıq akademiyada deyil, əsas komandamızın heyətindədi. Yəqin ki, tezliklə onları da görməyə başlayacağıq. Bu təkcə məşqçilərin əlində olan məsələ deyil. Fərdi çalışmalar da böyük rol oynayır. Bəhlul hansısa səviyyəyə gəlib çıxıbsa və hər kəs ondan ağızdolusu danışırsa, bunda ətraf mühitlə yanaşı özünün də rolu var. Biz indi daha təcrübəliyik və əlimizdə imkanlar var ki, yeni istedadları yaxşı yetişdirək. İstedadlar var və indidən görə bilirik ki, kimlər gələcəkdə uğurlu futbolçu ola bilərlər. Yaxın zamanlarda milliyə qoşula biləcək futbolçular əsas komandamızın heyətində olanlardı. Hansının inkişafı daha yaxşı getsə qoşulacaqlar. Məsələn dünən U-21-də 4 yetirməmiz əsas heyətdə oynadı. Səhv etmirəmsə sonradan bir nəfər də oyuna qoşuldu. Hazırda yığmada səhv etmirəmsə 6 yetirməmiz var. Ola bilər ki, onlardan kimlərsə tez bir zamanda əsas milliyə qoşulsun". (sport7.az)