Nazarovun komandası baş məşqçi ilə vidalaşdı

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi Almaniyanın “Ertsgebirge” komandası baş məşqçisi Daniel Meyer ilə yollarını ayırıb.

Sportline.az Aue təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Onun köməkçisi olan qardaşı Andre Meyer də komandadan göndərilib.

Qeyd edək ki, Daniel Meyer 2018-ci ilin iyunundan “Ertsgebirge”yə rəhbərlik edir. Komanda hazırda Almaniyanın II Bundesliqasında 19 xalla 4-cü pillədə qərarlaşıb.