Nazim Süleymanov: "Səni, elə görməsələr yaxşıdır"

Azərbaycan futbolunun ən parlaq simalarından olan Nazim Süleymanov, Avropa Liqasının finalı ilə bağlı fikirlərini bölüşüb.

Sportline.az saytına açıqlamasında görüşün Bakıda keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirən veteran futbolçu, bu cür mötəbər idman tədbirlərinin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Belə bir nüfuzlu futbol tədbirinin Bakıda təşkili üçün, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və AFFA rəhbərliyinə təşəkkürümü bildidirəm. Avropa Liqası ilə bağlı üç arzum olub – futbolçu kimi bu yarışda iştirak etmək, bu mötəbər yarışın finalının Bakıda keçirilməsi və Azərbaycan klublarından birinin turnirin qalibi olması. İki arzum reallaşıb. İnanıram ki, klublarımızdan biri Avroliqada baş mükafata yiyələnməklə üçüncü arzumu da həyata keçirəcək.”

Nazim Süleymanov Arsenalın futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməkdən imtina etməsinə də münasibət bildirib: “ İdmanın siyasətə qatılması düzgün deyil. Mxitaryan bu addımla böyük səhv etdi. Azərbaycan dövləti onun təhlükəsizliyinə tam təminat verdi. Amma, seçim təbii ki futbolçunun özünün idi. Digər tərəfdən bu yaxşı oldu. “Bəyin oğurlanması” filmində deyildiyi kimi – “səni elə görməsələr yaxşıdır.” Mxitaryanı elə Bakıda görməsələr yaxşıdır.”

Final oyununun nəticəsinə gəldikdə isə, “Çelsi”yə azarkeşlik edəcəyini bildirən Nazim Süleymanov, buna baxmayaraq “Arsenal”ın imkanlarını daha yüksək qiymətləndirib.