"Neftçi" fanatlarından növbəti istefa tələbi

"Neftçi” klubunun bir qrup azarkeşi növbəti dəfə klub rəhbərliyinin istefasını tələb edib.

Sportline.az xəbər verir ki, "Neftçimania” azarkeş qrupu komandalarının dünən Premyer Liqanın ikinci turunda "Zirə”yə 0:1 hesablı məğlubiyyətindən narazı qalıblar. Onlar matçın gedişatı zamanı klub prezidenti Kamran Quliyev və baş məşqçi Roberto Bordini istefaya səsləyiblər.

"Neftçi”nin sosial şəbəkədəki ən böyük azarkeş səhifələrindən olan "Neftchi Baku (Fan Page)” səhifəsi də klub prezidentini istefaya çağırıb.

"Biz niyə "Neftçi"nin prezidentinin istefasını istəyirik? Çünki komandanı idarə edə bilmir, baş məşqçinin bacarıqsızlığına göz yumur. Baş məşqçinin yanında gözü kölgəlidir. Ona görə getməlidir. Ya özü, ya da baş məşqçisi” – deyə səhifənin paylaşımında bildirilib.

Xatırladaq ki, "Neftçi” Avropa Liqasının üçüncü təsnifat mərhələsində İsrail "Bney Yehuda”sına uduzaraq (2:2, 1:2) mübarizəni dayandırıb. Komanda Premyer Liqanın ilk iki turunda isə cəmi 1 xal qazanıb ("Sabah” – 1:1, "Zirə” – 0:1). (Qol.az)