“Neftçi” yaxşı futbolçular cəlb edib" - Reynaldo

Reynaldo yenidən “Qarabağ”dadı. O, ötən günlərini xatırlatmaq, ağdamlıların liderlərindən olmağa gəlib. Növbəti dəfə özünü sübut etməli, komandanın uğurlarında pay sahibi olmalıdı. SportLine.az xəbər verir ki, braziliyalı müsahibəsində də elə bu məqamlardan danışıb.

- Yenidən Azərbaycana qayıtdın. Ümumiyyətlə, karyeranda ən uğurlu səhifə məhz “Qarabağ”dı?- Şübhəsiz ki, karyeramın ən uğurlu illəri “Qarabağ”a aiddi. Nəinki karyeramın, həyatımın ən uğurlu illəri Ağdam klubunda keçib. Xüsusilə ilk çempionluğu qazandığımız mövsümdən başlayaraq gələn uğurlar mənim üçün önəmlidi.  Həmin günlər unudulmazdı. Ümid edirəm ki, davamı da belə uğurlu olacaq.

- Azarkeşlərin səni necə sevdiyini bilirsən. Bu, sənə əlavə güc verirmi və ya buna görə Ağdam klubuna dönməyi çox istəyirdin?- Bura qayıtmaq istəyimin səbəbləri çox idi. Eyni zamanda azarkeşlərin münasibəti də onların arasında idi. Klubda özümü yaxşı hiss etməyim, çempionatda rahat oynamağım, azarkeşlərin sevgisi, özümü xoşbəxt hiss etməyim dönüşümdə rol oynadı. Əsas məsələ xoşbəxtlikdi.

- Adətən braziliyalı futbolçular publika üçün oynamağı xoşlayır. Reynaldo da onlardan biri olmaqla azarkeşlərin sevimlisinə çevrilmişdi.
- Hardasa bununla razılaşmaq olar. Amma həmin vaxt nəticələrimiz də yaxşı idi. Çətin məqamlarda komanda mənə ehtiyac duyurdu və mən onlara kömək edirdim, etimadı doğruldurdum. Bunlar hamısı vəhdət təşkil edirdi. Təkcə, publika üçün oynamağımı xüsusi vurğulamaq olmaz. Hər şey var idi. Məşqçilər, azarkeşlər mənə güvənirdi.

- “Qarabağ”dan Türkiyəyə getdin və orada karyeran alınmadı. Türkiyədə oynamaq çətin idi, yoxsa başqa problemlər oldu?
- Mənim “Adanaspor”a keçdiyim dönəmdə onlar yaxşı günlər yaşamırdılar.  Baxmayaraq ki, karyeram alınmadı, amma mənim üçün yaxşı təcrübə oldu. Orada oynamaq üçün yaratdıqları şəraitə görə kluba təşəkkür edirəm.

- Azərbaycandan ayrılarkən bir çox xəbərlər yazıldı və bunu Qurban Qurbanov da təsdiq etmişdi. Reynaldo əyləncələrə meylli idi?
- “Qarabağ”dakı ilk gəlişimin son ilində mənə təkliflər var idi. Bundan dolayı da kobud desək, “özümü buraxdım”. Bəzi səhv addımlarım oldu. Amma mənə elə gəlir ki, daha çox neqativə köklənmək istəməzdim. Daha çox yaxşı dönəmlərim olub “Qarabağ”da. Onları xatırlamaq istəyərəm ki, ruh yüksəkliyi yaransın. Həmin səhvlər haqqında heç düşünməzdim.

- Qurban Qurbanov səninlə müqavilə imzalamamışdan öncə dedi ki, onun sözləşməsinə əyləncə ilə bağlı bənd salınacaq ki, bir də təkrar olmasın. Hazırki müqaviləndə elə bir bənd var?
- Ümumiyyətlə, bura gəldiyim zaman Qurban Qurbanovla danışığımız oldu. Məndən edilən tələblər bəllidi. Özüm də hər kəsin məndən gözlədiyini bilirəm. Baş məşqçi də bildirdi ki, hər cür dəstək verəcək. Aramızda söhbət oldu. Öz məsuliyyətimi dərk edirəm. Baş məşqçi ilə aramızdakı söhbət haqqında daha çox danışmaq istəməzdim.

- Son mövsümü Qazaxıstanda “Aktobe”də oynasan da, sanki ideal formada deyildin. İdeal formaya dönmək üçün sənə nə qədər vaxt lazımdı?
- İstəməzdim ki, “Aktobe”də və “Qarabağ”da olduğum dönəmləri müqayisə edəm. Həm komandaların səviyyəsi, həm gücləri müqayisə olunmur. Bunlar hamısı şərtdi. Mən “Qarabağ”da olarkən biz yüksəlişdə idik. Gəldiyim ilk ildə gümüş, sonra qızıl medallar qazandıq. Sonra avrokuboklarda uğurlu çıxışımız oldu. Keyfiyyətli heyətimiz, keyfiyyətli oyunumuz var. Təbii ki, “Aktobe” hər cür hörmətə layiqdi. Amma müqayisə etmək istəməzdim. Komandanın güclü, keyfiyyətli olması sənin də oyununa təsir edir. Komanda zəif olursa, sən də bütün gücünü ortaya qoya bilmirsən. Keyfiyyət məsələsi önəmli faktordu.

- Azərbaycan çempionatını izləmisən. Səncə, əvvəlki illərlə müqayisədə nə dəyişib?
- 2 ilə yaxın müddətə Azərbaycan çempionatından uzaqlaşmışdım. Müntəzəm olmasa da, bəzi matçlara baxırdım. “Qarabağ” kimi digər klublarda da dəyişikliklər olub. Bir çox futbolçular gedib, yeniləri gəlib. Tanıdıqlarım yoxdu. Kənardan baxmaq başqa cürdü. İndi nəsə deyə bilmərəm. Bu suala oynadıqdan sonra cavab verə bilərəm.

- Bir dəfə fasilədə Azərbaycana gəlmişdin. “Qarabağ”dakı dostlarınla görüşdün. O zaman bura qayıdacağını bilirdin?
- O zaman Azərbaycana Qazaxıstanda çempionat bitdikdən sonra gəldim. Fasilə idi və vaxt var idi. Gəldim ki, köhnə dostlarımı, köhnə komandamı görüm. Eyni zamanda “Qarabağ”a bildirdim ki, bura dönmək istəyirəm. Mənim istəyimdən xəbərdar oldular. Amma konkret heç bir şey yox idi. Sadəcə, istəyimi bildirdim.

- “Neftçi “çempionatın lideridi. Səncə, “Qarabağ” onları keçə biləcək?
- Hiss olunur ki, “Neftçi” yaxşı futbolçular cəlb edib, yaxşı komanda var. Fasilədən sonra ilk oyunumuz onlara qarşı olacaq. Çempionatın gedişində yenə matçımız olacaq. Çətin olsa da, onları geridə qoymaq imkanımız var. Çətin olacaq, amma bunu bacara bilərik.

- “Neftçi”dən də təklif aldığın deyilir. Sırf “Qarabağa” görə geri çevirdin, yoxsa başqa məsələlərdə razılıq olmadı?
- Əvvəlki müsahibələrimdə də qeyd etmişdim ki, onlara təklifə görə təşəkkür etdim. Azərbaycanda mənim “Qarabağ”a bağlılığım, onlarla keçirdiyim xoş dönəmləri kənara ata bilməzdim. Təklif gələndə də onlara bildirdim ki, Azərbaycanda ilk seçimim “Qarabağ” olacaq. Cavabı eşitdikdən sonra heç üzülmədilər, başa düşdülər. Onlara uğurlar arzu edirəm, amma “Qarabağ”la matçlarda yox.

- Keçmiş komanda yoldaşlarından bəziləri gedib. Onların gedişi “Qarabağ”a təsir etdi və indi Riçard Almeydanın da sənin kimi qayıtmaq ehtimalı var. Bu barədə nə düşünürsən? Birvaxtlar ən yaxın dostunun “Qarabağ”a dönməsi səni sevindirəcək?
- Bir çox futbolçuların getdiyi doğrudu. Bu, futbolun bir hissəsidir. Bəziləri gəlir, bəziləri gedir. Sırf Almeyda məsələsinə gəlincə, onunla bir yerdə çox uğurlu günlərimiz olub. Onunla bir yerdə oynamaq xoşbəxtliyini yenidən yaşamaq istərdim. Bunu təkcə mən yox, komanda yoldaşlarım, Riçardın özü də istəyər. Qalır məsələnin həll edilməsi, alınsa, əla olar.

- Ağdam klubunda daha çox qalmaq üçün Reynaldo bu dəfə nə etməlidi?
- Məncə, sualın cavabı sadədədir: daha yaxşı futbol oynamaq və daha çox qol vurmaq.

futbolinfo.az