"Neftçi"nin rəqibi heyəti gücləndirdi

"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Arsenal" klubu heyətə yeni futbolçu cəlb edib.

Sportline.az xəbər verir ki, söhbət Moskva "Spartak"ının yarımmüdafiəçisi Aleksandr Lomovitskidən gedir.

 "Arsenal" onu birillik icarəyə götürüb. Tulalılar futbolçunu birdəfəlik transfer etmək hüququna malik deyillər. Əgər "Arsenal" Avropa Liqasında mərhələ adlamağı bacarsa, III raundda 21 yaşlı oyunçunu sifariş edə biləcək.

Qeyd edək ki, "Arsenal"la "Neftçi" arasında keçirilən ilk oyunda Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Cavab matçı avqustun 1-də Bakıda olacaq.