"Neftçi"yə sanksiya tətbiq edilə bilər

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında, “Neftçi” və “Zirə” klubları cəzalandırılıb.

Sportline.az xəbər verir ki, buna səbəb Azərbaycan Premyer Liqasının XXIII turunda, bu komandaların oyununda baş verənlərdir. “Neftçi” 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

Oyunun 90-cı dəqiqəsində “Zirə”nin futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.

Görüş başa çatdıqdan sonra “Zirə”nin qapıçısı Orxan Sadıqlı rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, kluba 1600 manat cərimə kəsilib.

Matçının ikinci hissəsi “Neftçi” klubunun səhlənkarlığı ucbatından 6 dəqiqə gec başladığı üçün klub 2400 manat cərimələnib. Oyun başa çatdıqdan sonra “Neftçi”nin mühafizəçiləri meydana daxil olduqlarına görə kluba ciddi xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə daha ciddi sanksiyalar tətbiq ediləcək.