"Nəticəni uğurlu sayıram" - Roberto Bordin

"Neftçi" klubunun baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirilən görüşdən (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. SportLine.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb.

- Əlbəttə, oyuna yaxşı başlamadıq. Sonradan özümüzə gəldik, yaxşı hücumlar qurmağa başladıq. Yaxşı məqamda qırmızı vərəqə aldıq. Buna baxmayaraq, nəticəni qoruyub saxlaya bildik. Bu münasibətlə futbolçularımızı təbrik edirəm

- Lider bu nəticəni uğurlu sayır?

- Azlıqda oynamağımıza görə deyə bilərəm ki, uğurlu nəticədir. Qırmızı vərəqəyədək isə komandamız əla oyun nümayiş etdirdi. Azlıqda qalandan sonra əks-hücumlara bel bağlaya bilərdik. Son olaraq, azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Sonadək bizi dəstəklədilər. Sanki evdə oynayırdıq. Növbəti matçlarda da onları gözləyirik.

- Yeni transferləri necə dəyərləndirirsiniz?

- Mamadu Mbodj, Mamadu Kane və Vangellis Platellasdan razı qaldım. Onlar güclü rəqibə qarşı gözəl oyun sərgilədilər.