Nikola Yurçeviç: "Optimistəm, stadion da dolacaq və yaxşı nəticə əldə edəcəyik"

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.

Sportline.az xəbər verir ki, xorvatiyalı mütəxəssis yaxşı nəticəyə inandığını bildirib.

"Əvvəlki toplanışla ikinci arasında fərq böyükdür. Öncəkində 5-6 gün bir yerdə olduqsa, indi vaxtımız çoxdur. Eləsi var mayın 19-dan bizimlədir. Toplanışa 16 nəfərlə başladıq. Bir neçə gün bu cür davam edəcəyik. Mayın 24-dən etibarən Bəhlul Mustafazadə, Əli Babayev, Dmitri Nazarov, Rüfət Dadaşov və Renat Dadaşov bizə qoşulacaq. İyunun 3-də isə ölkə xaricində çıxış edənlər - Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Eddi İsrafilov gələcəklər.

Oyunun ciddiliyini yaxşı dərk edirik. Hamımız yüksək əhval-ruhiyyədəyik. Optimistəm, stadion da dolacaq və yaxşı nəticə əldə edəcəyik. Hazırlığın sonunda 27 nəfər olacağıq. Lakin matç zamanı yəqin 2-3 nəfər heyətdə yer almayacaq.

U-21 ilə yoldaşlıq oyunu keçirmək təkcə bizim problem deyil. Çünki FIFA-nın pəncərəsi 6-12 iyunu əhatə edir. Bəzən elə olur ki, istədiyini edə bilmirsən. Məsələn, Xorvatiya millisi 4-cü liqa komandasına qarşı oynayacaq".

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində iyunun 8-də Macarıstan, 11-də isə Slovakiya seçmələri ilə qarşılaşacaq.