Nikola Yurçeviçdən qələbə şərhi

Azərbaycan milli komandası yoxlama oyununda U-21 komandasını 3:0 hesabı ilə məğlub edib.

Sportline.az xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

- Ümumi götürsək yaxşı oyun alındı. Həm gənclərdən ibarət yığma komandamızın oyunçuları özlərini yaxşı tərəfdən göstərdi, onların oyunlarını bəyəndim, həm də əsas milli komandanın oyunu pis deyildi. Bu görüş bizim üçün məğz etibarı ilə məşqi əvəz edən oyun idi. Bu matça baxıb gələcək üçün nələrsə düşünmək olar. Oyundan razı qaldım.

- Renat Dadaşov bu gün meydanda idi. Onunla bağlı fikirləriniz necədir?

- Renat təxminən bir həftədir ki, bizimlə birgə məşq edir, məşqlərdə özünü yaxşı tərəfdən göstərir. Deyə bilmərəm ki, bu, onun gələcəkdəki oyunlar üçün heyətdə olmasına nə qədər bəs edəcək. Hər halda qətiyyətlə qeyd edə bilərəm ki, Renat milli komanda üçün maraqlı və potensialı olan futbolçudur. Ondan gələcəkdə nəsə gözləyirik.

- Rüfət Dadşov ikinci hissədə meydana daxil oldu, amma sonradan yenə əvəzləndi. Bu, nə ilə bağlı idi?

- Heyətdə olan futbolçularımızın hamısı oynadı. Ola bilər kimsə daha çox, kimsə daha az oyun vaxtı əldə etdi. Söhbət sırf Rüfətdən gedirsə, bizdə mərkəz hücumçusu mövqeyində oynamalı olan 3 futbolçu var. Razılaşmışdıq ki, onların hamısı oyun vaxtı əldə etsin. Bunu əvvəlcədən planlaşdırmışdıq. Bir mövqedə 3 futbolçu oynayırsa, onları öz aralarında bölüşdürüb oyuna buraxdım. Burada narazılıqdan söhbət gedə bilməz.

- Macarıstan və Slovakiya ilə oyunlar üçün müdafiə xəttinin mərkəzində hansı futbolçuların oynayacığını dəqiqləşdirmisiniz?

- Deyə bilərəm ki, futbolçular arasında ciddi fərqlər yoxdur. Hər birinin üstün cəhətləri var. Hələ kimin oynayacağını müəyyən etməmişəm. Düşünürəm ki, qarşıdakı günlərdə futbolçular bunu bizə göstərəcək.

- Ramil Şeydayev, Emil Balayev və Pavel Paşayevin komandaya gec qoşulmaları, Edi İsrafilovun isə olmaması komandanın planına necə təsir edəcək?

- Yaxşı hal deyil ki, Emil Balayev, Pavel Paşayev və Ramil Şeydayev bizə bir qədər gec qoşulacaq və birgə cəmi 3-4 məşqdə iştirak edə biləcəklər. Eddi İsrafilovun durumunu eşidəndə mənim üçün şok oldu. O, özünü Xorvatiya və Litva ilə oyunlarda yaxşı tərəfdən göstərdi. Eddi fiziki göstəricilərinə görə meydanın mərkəzində bizim üçün əsas oyunçulardan biri idi. Amma o, yoxdursa, digər oyunçular üçün şansdır. Bizə gec qoşulacaq futbolçuların daha tez düşərgəyə gəlməsini istərdik, amma bu, alınmırsa, vəziyyətlə barışmalıyıq.