Nikola Yurçeviçin vədi
"Karyeram ərzində belə hakim qərarı ilə üzləşib-üzləşmədiyimi bilmirəm. Mənim oyunçum təmiz qol vurdu. Amma hakim dərhal əllə oyuna işarə etdi”.
Sportline.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.
Xorvat mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında "AVRO-2020"nin seçmə mərhələsində Macarıstanla keçirilən son görüşü dəyərləndirib. O, komandamızın son dəqiqədə sayılmayan qolunun xorvatların mövqeyinə də təsir etdiyini söyləyib: "Hakim oyundan sonra mənə yaxınlaşaraq üzr istədi. O, gənc və yaxşı hakimdi. Düzdü, bu bizə heç nə qazandırmadı, amma üzrxahlığını qəbul etdim. Heç-heçənin turnir cədvəlindəki mövqeyimizə bir təsiri olmayacaqdı. Ancaq bunu çox istəyirdik və layiq idik də. Qolumuzun qeydə alınması final mərhələsinə vəsiqə uğrunda mübarizədə Xorvatiyaya da kömək edəcəkdi. Amma indi vəziyyət mürəkkəbdi. Ancaq xorvatların Slovakiya ilə oyunda istəyinə nail olacağına əminəm".
Yurçeviç yığmanın çıxışına da toxunub: "Var qüvvəmizlə çalışacağıq. İlk xalımızı Xorvatiya ilə görüşdə qazanmışıq. Macarıstanla matçda da bizə xal lazım idi. Hər oyun bizim üçün yeni motivasiyadı. Son 180 dəqiqədə Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq”.