"O, bizim üçün lazımlı futbolçudur" - Elşad Əhmədov
"Oyuna pis başlamadıq. Yenə də hücumda problemlər yaşayırıq. 15-20 dəqiqə normal futbol oynadıq. Qapımıza ilk hücumda qol buraxdıq, uşaqlar həvəsdən düşdülər. Fasilədə uşaqlarla danışdıq, həvəsli başladıq. Amma yenə ilk hücumda qol buraxdıq".
SportLine.az "Report"a istinadən xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov səfərdə "Keşlə"yə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında deyib. 49 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını da cavablandırıb.
Meydanın vəziyyəti oyununuza nə dərəcədə təsir etdi?
- Ötürmələrdə hiss olunurdu ki, uşaqlar əziyyət çəkirlər. Buna baxmayaraq, oynamalı idik.
Futbolçuların fiziki gücü sanki tükənmişdi...
- Fiziki deyil, psixoloji cəhətdən bunu deyə bilərəm.
Saşa Stamenkoviçin çıxışını qiymətləndirərdiniz. Sanki hər iki qol onun səhvinin nəticəsi idi...
- Saşa bizim köməyimizə çox çatıb. O, bizim üçün lazımlı futbolçudur. Müdafiədə səhvlərimiz çox olur. Bunları araşdıracağıq.
Ardıcıl məğlubiyyətlərdən sonra düşünmürsüz ki, komandaya fərqli yanaşma lazımdır?
- Bəli, lazımdır. Uşaqlarda psixoloji durumu düzəltməyə çalışacağıq.
"Qarabağ"dan xal alandan sonra sanki arxayınlıq yaranıb...
- "Neftçi" ilə görüşdə bu ola bilərdi. Amma bu gün belə deyildi.
Təmkin Xəlilzadənin zəif çıxışının səbəbi nə idi?
- Təmkin cəmi iki gün idi ki, komanda ilə məşq edirdi. Tam hazır deyildi, bu da meydanda hiss olunurdu.