Obradoviç Fransaya məğlubiyyəti şərh edib
“Hər kəs necə bir komandaya qarşı oynadığımızı yaxşı başa düşürdü. Təəssüf ki, ilk üç qolu hədiyyə etdik".
Sportline.az xəbər verir ki, bu sözləri U-21 millimizin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində səfərdə Fransaya uduzduqları oyundan sonra deyib.
Serbiyalı mütəxəssis 0:5 hesablı məğlubiyyəti belə şərh edib: "Əlbəttə, Fransa yığması qələbəyə layiq idi, buna şübhə ola bilməz. Amma biz də ən azı bir qol vurmağa layiq idik. Alınmadı. Futbolçulara da bildirdim ki, daha yaxşı oynaya bilərdik. Təbii ki, Fransa səviyyəsində oynaya bilmərik. Onlar hər şeydə bizdən çox irəlidədilər. Amma hətta belə rəqiblərlə görüşlərdə belə oynaya, öz səviyyəmizi göstərə, futbol sərgiləyə bilərik. Artıq bu oyun geridə qaldı. Hazırda bizə yaxşı istirahət etmək və qarşıdakı İsveçrə ilə oyuna hazırlaşmaq, enerji toplamaq lazımdır. Özümüz üçün analizlər edəcəyik, İsveçrənin heyətini öyrənməyə çalışacağıq”.