"Oyun bərabər bitsəydi, daha ədalətli olardı" - "Vorskla"nın baş məşqçisi

“Qarabağ”ın futbolçuları sürətli və texnikalıdırlar. İlk hissədə qapımız qarşısında onlar yox, özümüz təhlükəli vəziyyət yaratdıq. Penaltiyə səbəb olduq. Futbolçular çox səhv etdi, sürətdə, top uğrunda mübarizədə uduzurduq. Topa sahib ola bilmirdik. İkinci hissədə vəziyyəti bir qədər normallaşdırdıq. Əllərindən gələni etdilər. Amma bir var çalışmaq, bir var reallaşdırmaq”.

SportLine.az "Report"a istinadən xəbər verir ki, bunu "Vorskla"nın baş məşqçisi Vasili Saçko Avropa Liqasının IV turunda "Qarabağ" 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

Arturu start heyətində meydana buraxmağınız nə ilə bağlı idi? Bu qərar bizi təəcübləndirdi...

- Artur texnikalı futbolçudur. Düşünmürəm ki, çox pis oynadı. Bu, mənim qərarımdır. Hədəfim o idi ki, futbolçu oyuna daha yaxşı köklənsin. Hücuma tez qoşula bilir. Düzdür, böyük səhv etdi, hansı ki, buna haqqı yox idi. Amma onun cinahından hücumlarımız, zərbələrimiz oldu. Lakin rəqib də çox ağıllı oynadı, bizə imkan vermədi. Həm müdafiədə, həm də hücumda yaxşı çıxış etdilər. Biz bu halı müzakirə edəcəyik və həll edəcəyik.

Əvəzləmələrlə nə etməyə çalışdınız?

- Daha aqressiv oynamalı idik. Sürətdə uduzduq. Rəqib daha texnikalı oyun göstərdi, bizə imkan vermədi. “Qarabağ” ilk hissədə çox təzyiq etdi. Hətta oyuna nəzarəti itirmək təhlükəsi var idi. Bu üzdən dəyişikliklə oyunu canlandırmağa çalışdıq. Komandanı biz hazırlaşdırırıq, kimin start heyətində meydana çıxmasına biz qərar veririk. Kim daha hazırlıqlı olursa, o da meydana çıxır.

Yayda əcnəbi oyunçu dəvət etmişdiniz. Onların performansından məmnunsunuz?

- Təəssüf ki, həmin futbolçular çempionat ərəfəsində gəldilər. Hazırlıqda iştirak etmədilər. Heyətdə təcrübəli futbolçularımız çoxdur. Gənc oyunçularımız isə istedadlıdırlar. Onlar bizimlə məşq etməlidirlər. Bizdə heyəti baş məşqçi müəyyənləşdirir. Heç kimə güzəşt edilmir. Sadəcə, təlim-məşq toplanışı çox önəmlidir. Oyunçu öz üzərində çalışmalıdır, ona verilən şansdan lazımınca yararlanmalıdır. Gənclər komandada rəqabəti artırıb. Bu gün uduzduq, əhvalımız çox pisdir. Amma unutmayaq ki, çox güclü komandaya uduzduq.

Məğlubiyyətə layiq idinizmi?

- “Qarabağ” ilk hissədə yaxşı oynadı, oyuna nəzarət etdi. İmkanlar yaratsaq da, istifadə edə bilmədik. “Qarabağ” çox güclü komandadır, əlinə düşən şansdan yararlandı. Amma oyun bərabər bitsəydi, daha ədalətli olardı.

Bu gün qapıya zərbələrinizin sayı çox az idi. Bu, nə ilə bağlıdır?

- Rəqibdən çox şey asılıdır. Rəqiblərə qarşı hazırlaşmaq lazımdır. Nəzərə alaq ki, meydança sürüşkən, hava soyuq idi. İkinci hissədə “Qarabağ” müdafiəyə oturdu və bizə hücum imkanı vermədi. “Qarabağ” çox güclü komandadır, belə oyunlara hazırlıqlıdır. Əminəm ki, onlar növbəti matçlarda da rəqiblərinə başağrısı olacaq. Qələbə qazanmaq istəyirdik. Amma ustalıq səviyyəsi bu gün istədiyimiz kimi olmadı. Uşaqlar çox çalışdılar. Bəzi anlarda ustalıqda uduzduq, təcrübə çatmadı. Səhvlərimizi görürük və bunları düzəltmək lazımdır. Qol üçün çox zərbə vurmaq lazımdır.