"Oyunçularımın məşqlərdə göstərdiklərindən razıyam" - Nikola Yurçeviç
"İlk növbədə, Novruz bayramı münasibətilə hamınızı təbrik edirəm. Çünki bu, Azərbaycan üçün çox vacib bayramdır. Çox maraqlı və çətin oyun olacaq. Xorvatiya dünya vitse-çempionudur. Biz isə yaxşı məşq etmişik və yaxşı oyun, performans göstərməyə hazırıq. Hazırda hamı oynaya biləcək vəziyyətdədirlər. Yalnız Aleksey İsayev zədəli olduğu üçün bura gəlməyib. Təxmini 13-14 futbolçu arasında ilk "11-lik" müəyyənləşdirməliyəm. Digər tərəfdən, oyunumuz öz evimdədir. Ümid edirəm ki, vətənimdəki ilk oyunumuz uğurlu olacaq".
SportLine.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Xorvatiya ilə keçirəcəkləri AVRO-2020-nin seçmə qrup oyunundan əvvəl keçirdiyi mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
Gördüyünüz oyunçulardan nə dərəcədə razısınız?
- Oyunçularımın məşqlərdə göstərdiklərindən razıyam. Bütün futbolçular motivasiyalıdırlar. Onlar özlərini gözlədiyimdən də yüksək səviyyədə göstərdilər. Digər tərəfdən, xorvatiyalı futbolçuların səviyyəsi fərqlidir. Amma futbolda hər şey mümkündür.
Bu dəfə əks tərəfdəki skamyada oturmaq sizin üçün qəribə olmayacaq?
- Sözsüz ki, qəribə olacaq. Amma Azərbaycan yığmasının baş məşqçisi olduğum üçün xoşbəxtəm. Ümid edirəm ki, uğurlu alınacaq.
Sələfiniz və həmyerliniz oyundan bir gün əvvəl start heyətini açıqlayırdı. Sabahkı görüşdə oyun və heyət baxımından çoxmu dəyişiklik gözlənilir?
- Təqribən 13 futbolçu arasından seçim etməliyəm. Bunlar Səlahət Ağayev, Maksim Medvedev, Rahil Məmmədov, Bədavi Hüseynov, Şəhriyar Rəhimov və ya Təmkin Xəlilzadə, Qara Qarayev, Riçard Almeyda, Dmitri Nazarov, Eddi İsrafilov, Araz Abdullayev, Namik Ələsgərov, Ramil Şeydayev, Mahir Mədətovdur. 4-1-3-1 və ya 4-2-3-1 taktiki sxemindən yararlanacağam.
Öz evinizə baş çəkməyə vaxtınız oldumu və dostlarınız Azərbaycan millisi ilə bağlı sizə nə dedilər?
- Çox imkanım olmadı. Yalnız dünən gedib qızlarımı gördüm. Dostlarımı isə görə bilmədim. Ümid edirəm ki, bu gün görə biləcəyəm. Dostlarımın hansı fikirdə olduqlarını bilmirəm. Ümid edirəm ki, daha çox mənim tərəfdə olacaqlar.
Zlatko Daliç sizi tərifləyərək bildirib ki, rəqib komandanın baş məşqçisi xorvatiyalı olmaması daha yaxşı olardı...
- Daliçə komplimentlərinə görə təşəkkür edirəm. Məncə, o, layiqli baş məşqçidir. Xorvatiya millisinin müdafiə xəttində problemlərin olacağı gözlənilir. Bu, dünya və Avropa çempionatlarının final mərhələlərində özünü yaxşı göstərir. Zəif cəhəti isə daha aşağı səviyyəli komandalarla oyunlarda üzə çıxır.
Robert Prosineçki ilə yığma barədə nə qədər fikir mübadiləsi aparmısınız?
- Onunla bir ay əvvəl söhbət etmişdik. Ümumi fikir alış-verişi idi. Bundan əlavə söhbətimiz olmayıb.
Rəqibdən xal almaq üçün futbolçulara hansı məlumatları çatdırmısınız?
- Xorvatiya barədə məlumatlar artıqlaması ilə çatdırılıb, video-analizlər aparılıb, detallı söhbət olub. Amma əsas məsələ bu yox, meydanda nələrin baş verəcəyidir. Hamımız rəqibin favorit olduğunu bilirik. Çalışacağıq ki, onlar üçün xoş olmayan sürpriz edək.