PFL sponsor axtarışında

Peşəkar Futbol Liqası (PFL) 2019-20 mövsümü üçün Premyer Liqanın titul sponsorluğu ilə əlaqədar tender elan edib.

Sportline.az xəbər verir ki, bu barədə qurum rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilir ki, tenderdə iştirak etmək istəyən şirkətlər Premyer Liqanın təbliğinin təşkil olunmasında PFL ilə birgə çalışmalıdır. Tenderin qalibi şirkətinin tanıtımı, təbliği üçün çempionatın bütün reklamlarından istifadə səlahiyyətinə malik olacaq.

Premyer Liqanın titul sponsorluğunun təklif paketi maraqlanan şirkətə elektron poçt vasitəsi ilə göndəriləcək. Tenderin ümumi maliyyə dəyəri müraciət edən şirkətlərlə qarşılıqlı razılıq əsasında müəyyənləşəcək.

Tenderdə iştirak üçün son müraciət tarixi 6 sentyabrdır.

Qeyd edək ki, dünən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 2012-ci ildən Premyer Liqanın sponsoru olan Topazın qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb. PFL rəsmiləri bildiriblər ki, hazırda 1xBet də daxil olmaqla bir neçə xarici bukmeyker şirkəti ilə danışıqlar aparırlar.