"Portu" - "Liverpul": Baş məşqçi fikirləri

UEFA Çempionlar Liqasında ¼ finalın digər cavab oyunu Portuqaliyada keçiriləcək.

Sportline.az xəbər verir ki, yerli “Portu” ötənilki finalçı “Liverpul”u qəbul edəcək. İngiltərədə rəqibinə 2:0 hesabı ilə qalib gələn “Liverpul” Portuqaliyaya böyük üstünlüklə yollanıb. Komanda son 5 Premyer Liqa görüşündə də qalib gəlib. Mersisaydlıların baş məşqçisi Yurgen Klopp ilk matçdakı qələbəyə baxmayaraq arxaynlaşmadıqlarını deyib.

 “Cavab matçına heç də arxayın çıxmırıq. “Portu”nun doğma meydanda yaxşı çıxış etdiyi hamıya məlumdur. Düzdür, ilk görüşdən sonra üstünlüyümüz var. Əsas məqsədimiz bu üstünlükdən yararlanıb növbəti mərhələyə adlamaqdır. Hazırda komanda əla çıxış edir. Həm Premyer Liqada, həm də Çempionlar Liqasında uğurla yarışırıq. Əsas məqsədimiz bu uğurlu oyunu mövsümün sonuna kimi davam etdirib yekunda titul əldə etməkdir. Bunun üçün var qüvvəmizi ortaya qoyuruq”

“Portu”un baş məşqçisi Serjio Konseysao da oyunla bağlı fikirlərini açıqlayıb. O, “Liverpul”u hazırda dünyanın ən güclü komandası hesab edir.

 “Liverpul”da fərdi ustalıq səviyyəsi çox yüksək olan futbolçular var. Onlar komanda kimi də möhtəşəm çıxış edirlər. Hazırda mənim üçün “Liverpul” dünyanın ən güclü komandasıdır. Belə rəqiblə görüşdə maksimum gücünü ortaya qoymalısan. Əsas məqsədimiz cavab qarşılamasında azarkeşlərimizi öz oyunumuzla sevindirməkdir. Düşünürəm ki, güclü rəqibimizə qarşı layiqlı mübarizə apara bilərik”

Əlavə edək ki, “Portu” – “Liverpul” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.